ELM VƏ TƏHSİL
Təhsil Nazirliyinə daxil olan müraciətlərlə bağlı statistika açıqlanıb
Bakı, 2 mart, AZƏRTAC
Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146), Kommutator xidmətinə daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində bu ilin fevral ayında vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, statistikaya əsasən, Telefon Məlumat Mərkəzinə 5 min 649 zəng (2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 1,5 dəfə çox) və Kommutator xidmətinə üç minə yaxın zəng daxil olub. Vətəndaşların Qəbulu Mərkəzində isə 4 min 136 vətəndaşa xidmət göstərilib.
Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlərin (əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və operativ həll edilib. 568 vətəndaş sorğularına uyğun olaraq, elektron qaydada nazirliyin müvafiq məsul şəxslərinin qəbuluna yazılıb.
Vətəndaşların Qəbulu Mərkəzində 1215 sənəd (375 ərizə, 815 məktub, 25 digər sənəd) qəbul olunub və qeydiyyata alınıb.
Daxil olan müraciətlərdə daha çox təhsil sənədlərinin (diplomların) tanınması, ümumi təhsil müəssisələrində şagirdlərin yerdəyişməsi, müəllimlərin işə qəbulu ilə bağlı məsələlər əksini tapıb.