ELM VƏ TƏHSİL
Təhsil Nazirliyinin əməkdaşı ABŞ-da beynəlxalq forumda iştirak edib
Bakı, 29 mart, AZƏRTAC
ABŞ-ın Harvard Universitetində dil təlimində innovasiyaların tətbiqinə dair beynəlxalq forum keçirilib. Həmin tədbirdə Təhsil Nazirliyinin hüquqi ekspertiza və lisenziyalaşdırma şöbəsinin əməkdaşı Əfqan Abdullayev də iştirak edib.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, üç gün davam edən forumda təhsildə mükəmməllik, dil bacarıq və vərdişləri, standartlaşmış dil testləri, kurikulumların qloballaşdırılması, dil müəllimi hazırlığı, müasir təlim texnologiyalarının tətbiqi, bilik və bacarıqların qiymətləndirilməsi kimi məsələlər müzakirə olunub.
“Education First” (EF) beynəlxalq cəmiyyətinin təşkilatçılığı ilə keçirilən forumun iştirakçıları Harvard Universitetində bu sahədə aparılan tədqiqatlar, onların tətbiqi imkanları ilə tanış olub, dərsləri izləyiblər.
Qeyd edək ki, forum EF cəmiyyətinin 50 illiyinə həsr olunan tədbirlər çərçivəsində təşkil edilib. Yarım əsr əvvəl Bertil Halt tərəfindən əsası qoyulan EF-in məqsədi dünyada təhsilin geniş yayılmasına kömək etməkdir. İyirmi bir ölkənin 45 şəhərində bölmələri olan EF milyonlarla insanın ingilis dilini öyrənməsinə dəstək göstərib.