ELM VƏ TƏHSİL
Təhsil Problemləri İnstitutunda elmi şuranın iclası olub
Bakı, 3 mart, AZƏRTAC
Təhsil Problemləri İnstitutunda (TPİ) pedaqogika və psixologiya problemləri üzrə elmi şuranın ilk iclası keçirilib.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, iclasda bu elm müəssisəsinin direktoru, hüquq üzrə fəlsəfə doktoru Qulu Novruzov pedaqogika və psixologiya problemləri üzrə elmi şuranın fəaliyyətinin tənzimlənməsi və orada məqsədlərin idarə olunmasında şuranın qarşısında çox ciddi tələblərin qoyulduğunu söyləyib. Diqqətə çatdırılıb ki, geniş elmi və pedaqoji ictimaiyyəti əhatə edən şuranın işi ictimai əsaslarla nəzərdə tutulduğundan informasiya texnologiyalarının imkanlarından istifadə olunması, prosesin sadələşdirilməsi və səmərəliliyinin artırılması vacib məsələlərdən biridir.
İclasda elmi şuranın sədri, professor İntiqam Cəbrayılov bildirib ki, şuranın əsas məqsədləri pedaqogika və psixologiya elmləri və texnologiyalarının inkişaf meyilləri nəzərə alınmaqla yeni elmi istiqamətlərin müəyyənləşdirilməsi, elm və təhsilin inkişafının təmin edilməsi, yüksək ixtisaslı elmi kadrların hazırlanması, elmi-texniki potensialın qorunması, Azərbaycan elminin beynəlxalq elm məkanına inteqrasiyasının sürətləndirilməsi, elmi tədqiqatların və innovasiya siyasətinin səmərəliliyinin artırılması və digər istiqamətlərdə nəzərdə tutulmuş işlərin həyata keçirilməsidir.
İclasda şuraya daxil olan 56 nəfərin dissertasiya mövzularına baxılıb. Bir sıra elm-təhsil müəssisələrinin doktorant və dissertantlarının, pedaqogika, metodika və psixologiya sahələrinin müxtəlif istiqamətləri üzrə fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcələri almaq istəyən namizədlərin dissertasiya mövzuları müzakirə edilib.
Qeyd edək ki, yeni yaradılan pedaqogika və psixologiya problemləri üzrə elmi şuranın tərkibinə 20 tanınmış pedaqoq və alim daxildir.