ELM VƏ TƏHSİL
Təhsil Problemləri İnstitutunda məktəbdaxili qiymətləndirməyə dair məşğələ
Bakı, 1 aprel, AZƏRTAC
Təhsil Problemləri İnstitutunda (TPİ) "Məktəbdaxili qiymətləndirmədə İKT-nin tətbiqi" mövzusunda məşğələ keçirilib.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, tədbirdə TPİ-nin direktoru Qulu Növruzov “Azərbaycanda təhsilin inkişafı üzrə Dövlət Strategiyası”ndan və orada qiymətləndirməni əks etdirən məzmundan bəhs edib. Həmin sənəddə təfəkkürün və şəxsiyyətin inkişafına yönələn, təhsilalanların fərdi xüsusiyyətlərini nəzərə alan innovativ təlim, qiymətləndirmə metodologiyası və resurslarının inkişafından söz açıb. Diqqətə çatdırılıb ki, insan resurslarının müasirləşdirilməsini nəzərdə tutan istiqamət innovativ təlim metodlarını tətbiq edən, təhsilin məzmununun səmərəli mənimsənilməsini təmin edən səriştəli təhsilverənin formalaşdırılmasına xidmət edir və özündə təhsilverənlərin peşəkarlığının yüksəldilməsi, təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsi üzrə yeni sistemlərin qurulmasını, təhsilalanların istedadının aşkarlanması və inkişafı ilə bağlı, habelə xüsusi qayğıya ehtiyacı olanlar üçün inklüziv təlim metodologiyasının yaradılmasını ehtiva edir.
Q.Novruzov bildirib ki, “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı”nda da müasir İKT-dən istifadə etməklə keyfiyyətli təhsilə nail olmaq əsas məqsədlər sırasındadır.
Sonra Nizami rayonu 238 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi İradə Bayramova "Məktəbdaxili qiymətləndirmədə İKT-nin tətbiqi" mövzusunda məruzə ilə çıxış edib. Məruzədə İKT-nin təhsilin keyfiyyətinə, müasir dünyada tələb olunan bilik və bacarıqlara malik vətəndaşların formalaşmasına birbaşa təsirindən danışılıb. Bildirilib ki, İKT vasitələri təhsil prosesini xeyli sadələşdirir, onu dinamik və çevik edir.
Sonda suallar cavablandırılıb.