ELM VƏ TƏHSİL
Təhsil Problemləri İnstitutunda on günlük seminar-treninq başa çatıb
Bakı, 27 noyabr, AZƏRTAC
Noyabrın 27-də Təhsil Problemləri İnstitutunda “İnnovativ təlim metodologiyasının və müvafiq resursların hazırlanması” mövzusunda seminar-treninqin yekunu və sertifikatların təqdim edilməsi ilə bağlı tədbir keçirilib.
TPİ-dən AZƏRTAC-a bildiriblər ki, tədbirdə institutun direktoru Qulu Novruzov on günlük seminar-treninqin əhəmiyyətindən danışıb. Bildirilib ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun tədbirlərin əsas təşkilatçısı kimi TPİ ölkəmizdə ilk dəfə olaraq təlimlərin məzmununda və təlim texnologiyalarının tətbiqində yeniliklər tətbiq edərək təlimlərin nəticələrinin yüksəldilməsinə çalışır.
Bu istiqamətdə institut tərəfindən keçirilən “İnnovativ təlim metodologiyasının və müvafiq resursların hazırlanması” mövzusunda seminar-treninqin ikinci mərhələsinə ilk peşə və orta ixtisas təhsili müəssisələrinin seçilmiş pedaqoji kadrları cəlb olunublar.
Digər çıxış edənlər də seminarın səmərəliliyini xüsusi vurğulayıblar.
Sonda müdavimlərə sertifikatlar təqdim edilib.