ELM VƏ TƏHSİL
Təhsil Problemləri İnstitutunda pedaqoji innovasiyalara həsr olunan seminar
Bakı, 25 aprel, AZƏRTAC
Təhsil Problemləri İnstitutunda (TPİ) ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilən “Şəxsiyyətyönlü məktəb dərsliklərinin hazırlanması” mövzusunda növbəti pedaqoji innovasiyalar seminarı keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbirdə TPİ-nin direktoru hüquq üzrə fəlsəfə doktoru Qulu Novruzov müasir Azərbaycanın qurucusu və memarı ulu öndər Heydər Əliyevin ölkəmizin dünyada layiqli yer tutması istiqamətində inkişafyönümlü fəaliyyəti barədə geniş məlumat verib. Direktor Ümummilli Liderin siyasi kursunun hazırda Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirildiyini vurğulayıb. Bildirilib ki, Heydər Əliyev kursu ölkə iqtisadiyyatının bütün sahələrində olduğu kimi, elm və təhsil sahələrində də inkişafa güclü təkan verir. Bu kursun fəaliyyətinin son nəticəsidir ki, elm adamlarının sayının artması ilə yanaşı, həmyerlilərimizin tədqiqat işləri və elmi yazıları bütün dünyaya yayılır. Azərbaycanın təhsil işçiləri, gənc tədqiqatçıları və alimləri nüfuzlu beynəlxalq tədbirlərdə ölkəmizi layiqincə təmsil edirlər.
TPİ-nin şöbə müdiri, dosent Asif Hacıyev “Şəxsiyyətyönlü məktəb dərsliklərinin hazırlanması” mövzusunda təqdimata çıxış edib. O, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın müvafiq strateji istiqamətində göstərilən, səriştəyə əsaslanan şəxsiyyətyönlü təhsil məzmununun yaradılması, kurikuluma əsaslanan yeni dərsliklərin yaradılması, şagird və müəllimlərin müvafiq dərslik seçiminin təmin olunması məsələsinə toxunaraq yetişməkdə olan gənc nəslin maraq dairəsinə və düşüncə tərzinə, təlim prosesinin tələblərinə və texnologiyalarına uyğunlaşdırılmış şəxsiyyətyönlü dərsliklərin yaradılmasının olduqca məsuliyyətli bir iş olduğunu bildirib.
A.Hacıyev seminar iştirakçılarına şöbədə aparılan beynəlxalq araşdırmaların nəticələri barədə də məlumat verib. O, xarici ölkələrdə dərsliklərin hazırlanması və onların qiymətləndirilməsi prosesindən, ənənəvi modeldə və müasir dövrdə hazırlanmış dərsliklərin məzmunun hazırlanması qaydaları və onlara verilən müasir tələblərdən geniş danışıb.
Sonra suallar cavablandırılıb, geniş müzakirələr aparılıb.