ELM VƏ TƏHSİL
Təhsil Problemləri İnstitutunda seminar
Bakı, 2 mart, AZƏRTAC
Təhsil Problemləri İnstitutunda (TPİ) “Təhsildə innovativ fəaliyyətin təkmilləşdirilməsi problemləri” mövzusunda seminar keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbirdə TPİ-nin direktoru, hüquq üzrə fəlsəfə doktoru Qulu Novruzov institutun illik fəaliyyət planında nəzərdə tutulan seminarlar və ilin sonunadək aparılacaq müzakirələrin mövzuları barədə məlumat verib. Bildirilib ki, müasir dövrdə ölkəmizdə təhsilin bütün pillə və səviyyələrində köklü dəyişikliklər aparılır. Həmçinin struktur, məzmun və idarəetmənin yeni mexanizmləri formalaşdırılır. Bu məsələlər başlıca tələblər kimi bir sıra mühüm dövlət sənədlərində əksini tapıb. Hazırda ölkəmizdə təhsilin normativ-hüquqi bazası xeyli təkmilləşdirilib, maddi-texniki təminat, informasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə bağlı böyük əhəmiyyət daşıyan geniş tədbirlər həyata keçirilir. Q.Novruzov vurğulayıb ki, müasir dövrdə Azərbaycan təhsilinin modernləşdirilməsinə xidmət edən bir çox problemlər, xüsusilə də təhsildə innovativ fəaliyyətin təkmilləşdirilməsi problemlərinin öyrənilib araşdırılması vacib məsələdir.
Sonra TPİ-nin təhsil nəzəriyyəsi şöbəsinin müdiri, professor İntiqam Cəbrayılov “Təhsildə innovativ fəaliyyətin təkmilləşdirilməsi problemləri” mövzusunda geniş təqdimatla çıxış edib. Məruzəçi hazırkı dövrdə təhsil müəssisələrinin fəaliyyət mexanizminin yeni tələblər əsasında qurulması üçün, ilk növbədə, cəmiyyətin artan tələbatının nəzərə alınması, təhsildə innovasiyaların davamlı olaraq tətbiqi, şəxsiyyətyönümlülüyə xüsusi əhəmiyyət verilməsi, təhsilalanlarda və təhsilverənlərdə təfəkkür mədəniyyətinin formalaşdırılmasının vacibliyindən söz açıb, iştirakçıların suallarını cavablandırıb.
Sonda mövzu ətrafında müzakirələr aparılıb.