REGİONLAR
“Təhsil avtobusu-2017” layihəsinin iştirakçıları Masallıda
Masallı, 28 iyul, Bağır Əliyev, AZƏRTAC
“Azərbaycan üçün Öyrət” təhsil proqramı çərçivəsində həyata keçirilən “Təhsil avtobusu-2017” yay məktəbinin Bakı və Qubadan sonra növbəti dayanacağı Masallı rayonu olub.
AZƏRTAC xəbər verir ki, iyulun 24-dən 31-dək Bakı-Quba-Masallı-Sabirabad-Gəncə-Mingəçevir-Zaqatala-İsmayıllı-Bakı marşrutu üzrə səyahət edəcək “Təhsil Avtobusu-2017” layihəsi Təhsil Nazirliyinin təşkilatçılığı ilə həyata keçirilir.
Yay məktəbinın Masallıda olduğu müddətdə gənclər təlimçi və ekspertlər tərəfindən keçirilən fərdi inkişaf təlimlərində və intellektual oyunlarda iştirak ediblər.
Layihənin əlaqələndiricisi Sərdar Hüseynov bildirib ki, “Təhsil avtobusu-2017” yay məktəbinin məqsədi 7 rayonda təhsil alan orta ixtisas və ali məktəb tələbələrinin biznes və karyera, eləcə də dünyagörüşünü artırmaqdır.
İyirmi beş tələbənin qatıldığı yay məktəbində Masallı və Cəlilabad rayonlarının orta ixtisas və ali təhsil müəssisələrinin tələbələri üçün “Biznesə necə başlamalı”, “My Future is STEAM”, “Sığortalanan gələcək” mövzularında təlimlər, “Nə? Harada? Nə zaman?” intellektual oyunları keçirilib.
Təlimlər və oyunlarda fəal iştirak edən gənclərə sertifikatlar verilib.