ELM VƏ TƏHSİL
Təhsil işçiləri Almaniyada təhsil proqramları ilə tanış olublar
Bakı, 31 iyul, AZƏRTAC
Təhsil Nazirliyinin “SABAH” İcra Komitəsinin rəhbəri, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin professor-müəllim heyətindən ibarət nümayəndə heyəti Almaniyada səfərdə olub.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, səfər müddətində nümayəndələr Halle şəhərində Halle-Vittenberq Universitetində görüş keçirib, əməkdaşlıq imkanlarını, Bakı Dövlət Universiteti və Halle Universitetinin iqtisadiyyat və hüquq fakültəsi ilə birgə ikitərəfli hüquq üzrə fəlsəfə doktorluğu (PhD) proqramının təşkili məsələlərini müzakirə ediblər.
Sonra “Folksvagen” Fondunda olan Azərbaycan nümayəndə heyəti beynəlxalq layihələr üzrə mütəxəssislərlə görüşüb, elmi layihələrə fondun maliyyə dəstəyi ilə bağlı söhbət aparıblar.
Növbəti günlərdə onlar Bonn şəhərində DAAD (Alman Akademik Mübadilə Xidməti) nümayəndələri ilə görüşüb, təşkilatın həm universitetin tələbələri üçün, həm də akademik heyət üçün nəzərdə tutulmuş təhsil proqramları ilə tanış olub, iştirak imkanlarını müzakirə ediblər.
“SABAH” qruplarının məzunu Günay İmanzadə Almaniyanın Rostok şəhərində keçirilən 6-cı Rostosker beynəlxalq konfransında iştirak edərək nanomateriallar mövzusuna dair məqalə ilə çıxış edib. Ümumilikdə 13 ölkədən 70 nəfər tədqiqatçının iştirak etdiyi konfransda Azərbaycan nümayəndə heyətini “SABAH” qrupları, Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti və Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşları təmsil edib.