REGİONLAR


Təhsil işçiləri ötən tədris ilinin yekunlarını müzakirə ediblər

A+ A

Lənkəran-Masallı-Cəlilabad, 10 sentyabr, Bağır Əliyev, AZƏRTAC

Lənkəran, Masallı və Cəlilabad rayonlarında keçirilən ənənəvi sentyabr konfranslarında təhsil işçiləri ötən tədris ilin yekunlarını və qarşıda duran vəzifələri müzakirə ediblər.

AZƏRTAC xəbər verir ki, Lənkəranda keçirilən konfransın iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla anıblar.

Tədbirdə çıxış edən Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov və Təhsil Nazirliyinin nümayəndəsi, professor Piralı Əliyev qarşıdan gələn yeni dərs ili və “Bilik günü” münasibətilə rayonun müəllim və şagirdlərini, bu il tələbə adını qazanmış gəncləri təbrik ediblər.

Şəhər təhsil şöbəsinin müdiri Şəhanə Əhmədova “2015-2016-cı dərs ilinin yekunları və yeni tədris ilində qarşıda duran vəzifələr” mövzusunda məruzə edib. Qeyd olunub ki, regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarında müəyyən olunmuş tədbirlərə müvafiq olaraq son 13 ildə Lənkəranda dövlət vəsaiti və Heydər Əliyev Fondunun xətti ilə 37 məktəb binası və 6 əlavə korpus inşa edilib, 4 təhsil ocağı əsaslı təmir olunub.

Diqqətə çatdırılıb ki, bu il rayonun ümumtəhsil məktəblərini bitirən məzunlardan 464 nəfər müxtəlif ali məktəblərə qəbul olunub. Qəbul imtahanlarında 57 nəfər 500-dən, 30 nəfəri isə 600-dən yuxarı bal toplayıb. Aşağı Nüvədi qəsəbə tam orta məktəbinin məzunu Xoşqədəm Əhmədova cənub bölgəsində ən yüksək nəticə - 690 bal toplayaraq Bakı Ali Neft Məktəbinin informasiya texnologiyaları fakültəsinə daxil olub.

Çıxış edənlər ötən tədris ilində rayonda qazanılmış nailiyyətlərdən söhbət açaraq, qarşıda duran vəzifələrə bağlı təkliflərini bildiriblər.

Konfrans iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul olunub.

X X X

Masallı Şəhər Mədəniyyət Mərkəzində keçirilən konfransın iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

AZƏRTAC xəbər verir ki, şəhər 2 nömrəli bağçanın balaca fidanları təhsil işçilərini şeirlə salamlayıblar. Balacalara məktəbli çantaları hədiyyə verilib.

Tədbirdə rayon təhsil şöbəsinin müdiri Tariyel Əkbərovun 2015-2016-cı dərs ilinin yekunları və 2016-2017-ci dərs ilində qarşıda duran vəzifələrlə bağlı məruzəsi dinlənilib. Qeyd olunub ki, builki qəbul imtahanlarında rayonun ümumtəhsil məktəblərini bitirən məzunlardan 635 nəfəri ali məktəbə sənəd verib, onlardan 414 nəfər tələbə adını qazanıb. Tələbə adını qazanan məzunlardan 147 nəfəri qızlardır. Qəbul imtahanları zamanı məzunlardan 50 nəfər 500-600, 33 nəfər isə 600-dən yuxarı bal toplayıb.

Diqqətə çatdırılıb ki, bu il rayonun Şatıroba kəndində 180, Çayqıraq kəndində 140, Dəlləkoba kəndində 140 və Zuvandlı kəndində 120 şagird yerlik müasir standartlara uyğun məktəb binaları tikilib və yeni dərs ilində şagirdlərin istifadəsinə veriləcək.

Bundan əlavə, Ərkivan qəsəbə 4 nömrəli tam orta məktəbdə əsaslı, Qızılağac 1 saylı tam orta, Sarıcəfərli ümumi orta, Təklə kənd tam orta, Yeni Zuvand tam orta, Ləngan ibtidai məktəblərində cari təmir işləri aparılıb.

Tədbirdə təhsil işçilərinin bir qrupuna fəxri fərmanlar verilib.

Konfrans iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul olunub. 

X X X

Cəlilabad şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən konfransın iştirakçıları əvvəlcə Ulu Öndərin abidəsi önünə gül dəstələri düzüblər.

AZƏRTAC xəbər verir ki, konfransda Prezident İlham Əliyevin Cəlilabad rayonuna tarixi səfərlərini əks etdirən sənədli film nümayiş olunub.

Sonra Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov təhsil işçilərini yeni tədris ilinin başlanması münasibətilə təbrik edib, əldə olunan uğurlardan danışıb. Bildirilib ki, builki qəbul imtahanlarında rayonun orta ümumtəhsil məktəblərini bitirən məzunlardan 318 nəfəri tələbə adını qazanıb. Onlardan 11 nəfəri 600-dən, 58 nəfəri 500-dən yuxarı bal toplayıb.

Konfransda ötən təhsil ilinin yekunları ilə bağlı rayon təhsil şöbəsinin müdiri Elminaz Nadirovanın məruzəsi dinlənilib.

Sonra qəbul imtahanlarında 600-dən çox bal toplamış məzunlara qiymətli hədiyyələr verilib.

Konfrans iştirakçıları adından Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.