CƏMİYYƏT


Təhsil işçilərinə mükafatlar təqdim olunub

A+ A

Bakı, 14 oktyabr, İbrahim Əsədov, AZƏRTAC

Prezident İlham Əliyev oktyabrın 4-də təhsil işçilərinə fəxri adların verilməsi və onların təltif edilmələri ilə bağlı sərəncamlar imzalayıb.

Sərəncamlara əsasən 61 nəfər “Tərəqqi” medalı ilə təltif edilib, iki nəfərə “Əməkdar elm xadimi”, 59 nəfərə “Əməkdar müəllim”, bir nəfərə isə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adları verilib.

AZƏRTAC xəbər verir ki, oktyabrın 14-də Təhsil Nazirliyində mükafatların sahiblərinə təqdim olunması mərasimi keçirilib.

Əvvəlcə təhsil işçiləri Fəxri xiyabanda müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə güllər düzülüb.

Mərasimdə təhsil naziri Mikayıl Cabbarov Prezident İlham Əliyevin təhsilə və təhsil işçilərinə daim xüsusi diqqət göstərdiyini bildirib.

Ölkəmizdə təhsilin inkişafı istiqamətində reallaşdırılan tədbirlərdən, bu sahədə qazanılan uğurlardan danışan nazir müəllimlik peşəsinin çox nüfuzlu, şərəfli peşə olduğunu diqqətə çatdırıb. M.Cabbarov müasir dünyada təhsilə xüsusi önəm verildiyini qeyd edib, yeni nəslin inkişafında təhsil işçilərinin mühüm rolunu vurğulayıb, onlara daha böyük nailiyyətlər arzulayıb.

Nazir təhsilin inkişafındakı xidmətlərinə görə mükafatlara layiq görülən təhsil işçilərini təbrik edib.

Sonra mükafatlar sahiblərinə təqdim olunub.

Çıxış edən müəllimlər göstərilən qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.