ELM VƏ TƏHSİL
“Təhsil menecerlərinin peşəkar inkişafı” layihəsi çərçivəsində müsabiqə davam edir
Bakı, 12 iyul, AZƏRTAC
Təhsil sahəsində insan resurslarının inkişaf etdirilməsi və müasirləşdirilməsi məqsədilə bu sahədə işləyən və ya gələcəkdə çalışmaq arzusunda olan şəxslərin Təhsil Nazirliyinin tabeliyində olan qurumlarda bir il müddətinə təcrübə proqramına və təlimlərə cəlb olunması üzrə müsabiqə davam edir.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, müsabiqənin elan olunduğu tarixdən - iyunun 22-dən indiyədək 600-ə yaxın şəxs iştirak üçün elektron müraciət edib.
Müsabiqədə iştirak etmək istəyənlər iyulun 20-dək elektron müraciət edə bilərlər.
Müsabiqə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq həyata keçirilir.
“Təhsil menecerlərinin peşəkar inkişafı” layihəsinin əsas məqsədi müasir idarəetmə bacarıqlarına yiyələnmiş, informasiya texnologiyalarına bələd olan, ölkəmizin təhsil və sosial inkişafına töhfə verə biləcək təhsil işçilərini yetişdirmək və təkmilləşdirməkdir.