ELM VƏ TƏHSİL
Təhsil müəssisələrində Ceyhun Hacıbəylinin 125 illik yubileyi qeyd edilib
Bakı, 8 dekabr, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrindən biri, yazıçı, publisist, ictimai xadim Ceyhun Hacıbəylinin 125 illik yubileyi münasibətilə tədbirlər keçirilib.
BŞTİ-dən AZƏRTAC-a bildiriblər ki, məktəblərdə “Ceyhun Hacıbəyli haqqında nə bilirik?”, “Görkəmli yazıçı-publisist Ceyhun Hacıbəylinin Azərbaycan mühacirət mətbuatında yeri və rolu”, “Ceyhun Hacıbəyli müasir gəncliyin gözü ilə”, “İstiqlal mücahidi - Ceyhun Hacıbəyli”, “Ceyhun Hacıbəyli və Qarabağ folkloru” mövzularında disput, açıq dərs, mühazirə, seminar, sorğu və konfranslar təşkil olunub.
Tədbirlərdə gənc yaşlarından mühacirətdə olmuş ədibin yaradıcılığından, siyasi fəaliyyətindən bəhs edilib. Həmçinin Ceyhun Hacıbəylinin mühacirətdə yaşadığı dövrdə “La Revul du Mond Müsulman”, “La Fiqaro” kimi mətbu orqanları ilə əməkdaşlıq etməsi, Parisdə “Qafqaz” və Münxendə “Azərbaycan” jurnallarının redaktoru kimi fəaliyyət göstərməsi barədə ətraflı məlumat verilib.
Tədbirlərdə görkəmli ədibdən bəhs edən “Durun gedək evimizə”, “Əbədi ezamiyyət” filmləri, səhnəciklər nümayiş olunub, şagirdlər yubilyarın “Qarabağ dialekti və folkloru” əsərindən bayatılar və lətifələr söyləyiblər.