ELM VƏ TƏHSİL
Təhsil müəssisələrində bayram tədbirləri
Bakı, 30 dekabr, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki təhsil müəssisələrində 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bayram tədbirləri keçirilib.
BŞTİ-dən AZƏRTAC-a bildiriblər ki, tədbirlərdə xalqımızın müstəqillik uğrunda apardığı mücadilə və həmrəylik gününün tarixi barədə məlumat verilib.
Vurğulanıb ki, Dünya Azərbaycanlılarının Həmrəylik Gününü dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq soydaşımızla əlaqə qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq baxımından mühüm rol oynayır.
Tədbirlərdə Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə bağlı videoçarxlar nümayiş etdirilib, şagirdlərin əl işlərindən ibarət sərgilər təşkil olunub, divar qəzetləri hazırlanıb. Şagirdlərin təqdim etdikləri şeirlər, səhnəciklər, milli rəqslər, mahnılar iştirakçılar tərəfindən maraqla qarşılanıb.