ELM VƏ TƏHSİL
Təhsil naziri Ağdaş şəhərində vətəndaşları qəbul edib VİDEO
Bakı, 6 mart, AZƏRTAC
Martın 6-da təhsil naziri Mikayıl Cabbarov Ağdaş şəhərindəki Heydər Əliyev Mərkəzində Ağdaş, Yevlax, Bərdə rayon və Mingəçevir şəhər sakinlərini qəbul edib.
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2017-ci ilin mart ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq keçirilən qəbulda həmin rayon və şəhərlərdə müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak ediblər.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, M.Cabbarov qəbula yazılmış vətəndaşların müraciət, şikayət və təkliflərini diqqətlə dinləyib. Qəbulda vətəndaşlar əsasən, müəllimlərin işə qəbulu və ya iş yerinin bir məktəbdən, həmçinin bir rayondan digərinə dəyişdirilməsi, təhsil sənədlərinin tanınması və digər məsələlərlə əlaqədar müraciət ediblər. Əksər məsələlər yerindəcə həllini tapıb, bir sıra müraciətlərlə bağlı nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib.
Təhsil naziri Qəbələ Peşə Məktəbinin yeni tikilən tədris binası ilə tanış olub.
Açılışı bu ilin ilk yarısında planlaşdırılan yeni peşə məktəbi kənd təsərrüfatı üzrə ixtisaslı mütəxəssislər hazırlayacaq. Peşə məktəbində tədris olunacaq proqramların məzmunu BP ilə birlikdə həyata keçirilən “Kənd təsərrüfatı peşə təhsili üçün yeni ixtisasların hazırlanması” layihəsinə uyğun formalaşacaq.