ELM VƏ TƏHSİL
Təhsil naziri Fransanın nümayəndə heyəti ilə görüşüb
Bakı, 1 iyul, AZƏRTAC
Təhsil naziri Mikayıl Cabbarov Fransanın mərkəzsizləşdirmə və regionlararası əməkdaşlıq üzrə Milli Komissiyasının baş katibi, Xarici İşlər və Beynəlxalq İnkişaf Nazirliyinin yerli hakimiyyətlərinin xarici fəaliyyəti üzrə xüsusi nümayəndəsi Bertran For ilə görüşüb.
Nazirlikdən AZƏRTAC–a bildiriblər ki, görüşdə Azərbaycan və Fransa arasında təhsil sahəsində əlaqələrin hazırkı vəziyyəti, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın müəyyənləşdirdiyi hədəflərə uyğun əməkdaşlıq perspektivləri müzakirə olunub. Bu kontekstdə, iki ölkənin regionları arasında əməkdaşlıq çərçivəsində təhsil komponenti ilə bağlı fikir mübadiləsi aparılıb. Eyni zamanda, görüşdə Azərbaycanda fransız dilinin tədrisi, Birgə Azərbaycan-Fransız Universiteti (UFAZ) layihəsi kimi məsələlərə də toxunulub.