ELM VƏ TƏHSİL
Təhsil naziri Londonda azərbaycanlı tələbələrlə görüşüb
London, 20 yanvar, AZƏRTAC
Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov Dünya Təhsil Forumunda iştirak etmək üçün Londonda səfərdədir. Səfər çərçivəsində nazir ölkəmizin Böyük Britaniyadakı səfirliyində dövlət proqramı ilə təhsil alan azərbaycanlı tələbələrlə görüşüb.
Nazir tələbələrə beynəlxalq Dünya Təhsil Forumu haqqında məlumat verib. Qeyd edilib ki, bu cür tədbirlər bizim təhsil sisteminə də töhfə vermək, eləcə də əldə edilən nailiyyətlərin dünya təhsil ictimaiyyətinə çatdırmaq baxımından əhəmiyyətlidir. Milli dəyərlərimiz ilə yanaşı, təhsildə bəşəri biliklər də prioritet olmalıdır. Təsadüfi deyil ki, Prezident İlham Əliyev 2016-cı ili Azərbaycanda “Multikulturalizm ili” elan edib.
M.Cabbarov tələbələrə tövsiyələr verərək deyib: “Əsas məqsədiniz öz peşəkar həyatınızı daha da təkmilləşdirmək və dünyəvi biliklərə yiyələnmək olmalıdır. Sizin hər birinizin uğuru ölkəmizin uğurudur. Hər bir ölkənin ən böyük sərvəti onun əhalisi, vətəndaşlarıdır. Təhsil sistemində bizim ən böyük və çətin vəzifələrimizdən biri milli mənəvi dəyərlərimizin qorunub saxlanılması və yeni nəsillərə ötürülməsi ilə yanaşı qlobal iqtisadiyyatda rəqabət apara bilən ixtisaslı məzunların yetişdirilməsidir”.
Sonra təhsil naziri görüşdə iştirak edən tələbələrin hər biri ilə ayrı-ayrılıqda tanış olaraq, onların təhsil aldıqları universitetlərdə əldə etdikləri təcrübələr və yiyələndikləri biliklər haqqında ətraflı məlumat alıb.
Daha sonra təhsil naziri tələbələrin problemləri ilə maraqlanıb və onların suallarını cavablandırıb.
Orxan İsmayılov
AZƏRTAC-ın xüsusi müxbiri
London