ELM VƏ TƏHSİL
Təhsil naziri Naftalanda vətəndaşları qəbul edib VİDEO
Bakı, 29 avqust, AZƏRTAC
Avqustun 29-da təhsil naziri Mikayıl Cabbarov Naftalan şəhərindəki Heydər Əliyev Mərkəzində Göygöl, Samux, Daşkəsən, Goranboy rayonları, Naftalan və Gəncə şəhərləri sakinlərini qəbul edib.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2016-cı ilin avqust ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, keçirilən qəbulda qeyd olunan rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak ediblər.
Qəbulda vətəndaşlar əsasən, müəllimlərin işə qəbulu və ya iş yerinin bir məktəbdən, həmçinin bir rayondan digərinə dəyişdirilməsi, təhsil sənədlərinin tanınması, tələbələrin bir ali təhsil müəssisəsindən digərinə köçürülməsi, təhsil haqqı, əmək müqaviləsinin uzadılması, təhsil krediti, ikinci ali təhsil və bir sıra digər məsələlərlə əlaqədar müraciət ediblər.
Qəbulda 98 nəfər vətəndaşın müraciəti dinlənilib, əksər məsələlər yerindəcə həllini tapıb. Bir sıra müraciətlərlə bağlı nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib.
Bəzi vətəndaşların nazirliyin səlahiyyətlərinə aid olmayan və ya şəxsi xarakter daşıyan müraciətləri isə müvafiq qurumlara çatdırılmaq üçün qeydə alınıb.