REGİONLAR
Təhsil naziri Qaxda şimal-qərb bölgəsindən olan vətəndaşları qəbul edib VİDEO
Qax, 19 iyul, Mustafa Dadaşov, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam etdirilir.
AZƏRTAC xəbər verir ki, iyulun 19-da təhsil naziri Mikayıl Cabbarov Qax şəhərindəki Heydər Əliyev Mərkəzində Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ rayon sakinlərini, bu rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünləri qəbul edib.
Qəbuldan əvvəl təhsil naziri Mikayıl Cabbarov və Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla anıblar.
Vətəndaşlar əsasən, müəllimlərin işə qəbulu və ya iş yerinin bir məktəbdən, həmçinin bir rayondan digərinə dəyişdirilməsi, işə bərpa olunma, təhsil sənədlərinin tanınması, tələbələrin bir ali təhsil müəssisəsindən digərinə köçürülməsi, təhsil haqqı, əmək müqaviləsinin uzadılması, təhsil krediti, ikinci ali təhsil və bir sıra digər məsələlərlə əlaqədar müraciət ediblər.
Qəbula gələn vətəndaşların müraciətləri dinlənilib və əksər məsələlər yerindəcə həllini tapıb. Bir sıra müraciətlərlə bağlı nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib.
Bəzi vətəndaşların nazirliyin səlahiyyətlərinə aid olmayan və ya şəxsi xarakter daşıyan müraciətləri isə müvafiq qurumlara çatdırılmaq üçün qeydə alınıb.