ELM VƏ TƏHSİL
Təhsil naziri UNESCO-nun Təhsil üzrə Beynəlxalq Bürosunun rəhbəri ilə görüşüb
Bakı, 4 may, AZƏRTAC
Mayın 4-də təhsil naziri Mikayıl Cabbarov Təhsil Nazirliyinin dəvəti ilə 4-5 may tarixlərində ölkəmizə səfər edən UNESCO-nun Təhsil üzrə Beynəlxalq Bürosunun (İBE) rəhbəri Mmantsetsa Marope ilə görüşüb.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan və UNESCO İBE arasında təhsil sahəsində əlaqələrin gələcək perspektivləri müzakirə edilib.
Səfər çərçivəsində həmçinin, M.Maropenin “ADA” Universitetində Azərbaycan ali təhsil müəssisələrinin nümayəndələri üçün “Təhsil sisteminin idarə olunması: 2030-cu ilə doğru” mövzusunda çıxışı nəzərdə tutulur.
Təhsil üzrə Beynəlxalq Büro 1925-ci ildə Cenevrədə qeyri-hökumət təşkilatı kimi fəaliyyətə başlayıb və 1999-cu ildən UNESCO-nun kurikulumların inkişaf etdirilməsi, təhsilin məzmunu, metodları və tədris strategiyalarına məsul institutudur.