ELM VƏ TƏHSİL
Təhsil naziri beynəlxalq olimpiadada medal qazanan məktəblilərlə görüşüb
Bakı, 19 iyul, AZƏRTAC
Təhsil naziri Mikayıl Cabbarov Tailandda keçirilən 49-cu Beynəlxalq Kimya Olimpiadasında medal qazanan məktəblilərlə - Ramil Babazadə, Nəriman Mirişov, Turan Məmmədli, onların müəllimləri və valideynləri ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə M.Cabbarov Azərbaycan Prezidenti İlham Əliyevin təhsilə böyük önəm verdiyini vurğulayıb, bu sahənin inkişafı istiqamətində reallaşdırılan tədbirlərdən, qazanılan uğurlardan danışıb.
Nazir 49-cu Beynəlxalq Kimya Olimpiadasında ölkəmizi təmsil edən şagirdlərin yüksək nailiyyətlərinə görə Azərbaycanın 78 ölkə arasında 15-ci yerdə qərarlaşdığını bildirib.
M.Cabbarov, eyni zamanda, 2015-ci ildə 47-ci Beynəlxalq Kimya Olimpiadasının M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının təşkilatçılığı ilə keçirildiyini, iki şagirdimizin bu olimpiadada bürünc medala layiq görüldüyünü xatırladıb.
49-cu Beynəlxalq Kimya Olimpiadasında medal qazanan məktəbliləri təbrik edən nazir onlara təhsildə yeni nailiyyətlər arzulayıb.
Sonra olimpiadanın qaliblərinə Təhsil Nazirliyinin fəxri fərmanları təqdim olunub.
Qeyd edək ki, 49-cu Beynəlxalq Kimya Olimpiadasında məktəblilərimiz bir qızıl, bir gümüş, bir bürünc medal qazanıblar.
Akademik Zərifə Əliyeva adına Liseyin eksperimental pilot siniflərinin 10-cu sinif şagirdi Ramil Babazadə 78 ölkənin məktəblilərinin iştirakı ilə keçirilən olimpiadada qızıl medal qazanıb.
Bu mötəbər elm yarışında, həmçinin Bakı şəhəri 160 nömrəli Klassik Gimnaziyanın 10-cu sinif şagirdi Nəriman Mirişov gümüş, Lənkəran şəhəri 4 nömrəli humanitar təmayüllü məktəb-liseyin eksperimental pilot siniflərinin 10-cu sinif şagirdi Turan Məmmədli bürünc medala layiq görülüblər.