ELM VƏ TƏHSİL
Təhsil nazirinin müavini Böyük Britaniyada forumda çıxış edib
Bakı, 11 fevral, AZƏRTAC
London şəhərində Azərbaycan Respublikasının Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 1-ci iclası çərçivəsində “Böyük Britaniya-Azərbaycan Universitetlərarası Forumu” keçirilib.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, forumun açılış mərasimində təhsil nazirinin müavini Ceyhun Bayramov və Britaniya Şurasının təhsil məsələləri üzrə direktoru xanım Rebeka Haqs çıxış ediblər.
C.Bayramov Azərbaycanın öz müstəqilliyini bərpa etdikdən sonra Birləşmiş Krallıq ilə bütün sahələrdə uğurlu əməkdaşlıq qurduğunu və təhsilin ölkədə ən dinamik inkişaf edən sahələrdən olduğunu vurğulayıb. Azərbaycan hökumətinin bilik iqtisadiyyatına keçid dövründə təhsil islahatlarına xüsusi əhəmiyyət verdiyi, Prezident İlham Əliyevin 2013-cü il 24 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın bu islahatlar üçün yol xəritəsi olduğu diqqətə çatdırılıb. Nazir müavini iki ölkə arasında ali təhsil sahəsində artıq uğurlu əməkdaşlıq layihələrinin həyata keçirildiyini, bu layihələrin həm kəmiyyət, həm də keyfiyyət baxımından genişləndirilməsinin vacibliyini vurğulayıb. C.Bayramov azərbaycanlı tələbələr üçün Böyük Britaniya ali təhsil müəssisələrinin cəlbediciliyini, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində ayrılmış təqaüdlərin üçdəbirinin məhz bu ölkədə təhsil alan tələbələrə verildiyini qeyd edib.
Daha sonra işçi sessiyalar çərçivəsində Azərbaycan və Böyük Britaniya universitetlərinin nümayəndələri ali təhsil və elmi tədqiqatlar sahəsində əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri barədə məruzələrlə çıxış ediblər. Müzakirələr zamanı müəllim və tələbə mübadiləsi, ikili diplom proqramları, birgə elmi tədqiqat layihələri, ali təhsilin idarəolunması sahəsində uğurlu təcrübə mübadiləsi və digər istiqamətlər üzrə əməkdaşlığın həyata keçirilməsi kimi məsələlər geniş müzakirə olunub.