ELM VƏ TƏHSİL
Təhsil prioritet sahələrdən biridir
Bakı, 14 yanvar, AZƏRTAC
Ölkəmizdə prioritet sahələrdən olan təhsilin inkişafına xüsusi önəm verilir. Təhsilə daim xüsusi əhəmiyyət verən ümummilli lider Heydər Əliyevin ideyaları bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirilir.
Dövlətimizin başçısı İlham Əliyev tərəfindən təhsil sahəsi ilə bağlı mühüm sənədlər imzalanıb. Heydər Əliyev Fondu respublikamızda təhsil müəssisələri üzrə layihələrə xüsusi dəstək göstərir. Bütün bunlar təhsilimizin inkişafına böyük töhfələr verir.
Ötən il müasir tələblərə cavab verən məktəb binaları tikilib, təhsil müəssisələri avadanlıqlarla təchiz olunub, məktəblərdə tədris şəraiti daha da yaxşılaşdırılıb.
İlk dəfə olaraq, maksimum adda və sayda – 271 adda 7,8 milyon nüsxə dərslik çap olunub və vaxtında bütün təhsil ocaqlarına çatdırılıb.
“Ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin yerdəyişməsi və işə qəbulu Qaydaları”na müvafiq olaraq hazırda işləyən müəllimlərin bir rayondan (şəhərdən) digər rayona (şəhərə) yerdəyişməsi Təhsil Nazirliyi tərəfindən mərkəzləşdirilmiş qaydada müsabiqə yolu ilə həyata keçirilib. İş yerini dəyişmək üçün 1149 nəfər müəllim elektron ərizə verib, yekun nəticəyə əsasən 96 nəfər iş yerini dəyişmək hüququ qazanıb.
2014/2015-ci tədris ilində ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələrinə əsasən, ümumilikdə 1692 nəfər işə qəbul olunub. Onlardan 1405 nəfərinə (83 faizi həvəsləndirmə tədbirləri tətbiq edilib. Vakansiyaların tutulma səviyyəsi ötən dərs ilinə nisbətən 40 faiz artıb.
Kənd məktəblərində ciddi ehtiyac olan kimya, fizika, biologiya və coğrafiya fənləri üzrə işə qəbul olunanların sayında ciddi artım olub. Belə ki, coğrafiya fənni üzrə 230, fizika fənni üzrə 175, biologiya fənni üzrə 161, kimya fənni üzrə 89 nəfər işə qəbul olunub.
Ölkəmizdə ilk dəfə olaraq Bakı şəhərinin ümumi təhsil məktəblərində çalışan 28 min 758 müəllimin sınaq qiymətləndirilməsi həyata keçirilib.
Təhsil müəssisələrinin İKT avadanlıqları təminatı sahəsində mühüm tədbirlər reallaşdırılıb. 200 təhsil müəssisəsi genişzolaqlı internet xəttinə qoşulub. Elektron dərslik portalı (www.e-derslik.edu.az) istifadəyə verilib. Portal təhsilalanların dərslikləri elektron formatda oxumasına imkan yaradır.
“Sağlam təhsil-sağlam millət” layihəsi çərçivəsində 6 ümumi təhsil məktəbində 15 pilot “Sağlam təhsil sinfi” fəaliyyət göstərir. Layihənin məqsədi təhsilalanların təlim nailiyyətlərini yüksəltməklə yanaşı, tədris şəraitindən irəli gələn hərəkət məhdudiyyətini və digər amilləri aradan qaldırmaq, onların sağlamlığını qorumaqdan ibarətdir.
Peşə təhsilinin inkişafının əsas prioritet olduğu nəzərə alınaraq, ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul planı ilk dəfə olaraq, əmək bazarının tələbləri araşdırılaraq tərtib edilib. İlk peşə-ixtisas təhsili müəssisələrinin infrastrukturunun inkişafına yönəlmiş və dövlət-biznes partnyorluğuna əsaslanan “Müasir Azərbaycan Peşəkarları” layihəsi çərçivəsində pilot ilk peşə-ixtisas təhsili müəssisəsinin bazasında müasir resurs mərkəzlərinin yaradılması prosesi davam etdirilir.
Orta ixtisas təhsili müəssisələrində son illərdə real tələbata əsaslanmadan artırılmış qəbul yerlərinin sayı azaldılaraq, 15 min 667 yerdən 11 min 266 yerə endirilib. Qiyabi təhsil forması üzrə kolleclərə tələbə qəbulu planı əvvəlki tədris ilinə nəzərən 4,1 dəfə azaldılıb.
Ölkənin 7 ali məktəbində 33 ixtisas üzrə “SABAH” qrupları fəaliyyət göstərir. Layihənin əsas hədəfi ali təhsilin yeni inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi, tədrisin təşkilində mütərəqqi forma və metodları tətbiq etməklə keyfiyyətin yüksəldilməsidir.
2013/2014-cü tədris ilinin faktiki qəbuluna nisbətən ölkədə fəaliyyət göstərən ali təhsil müəssisələrinə cari tədris ili üçün qəbul planı 12,9 faiz artırılıb. Qiyabi təhsil forması üzrə plan 2 dəfədən çox azaldılaraq bu yerlərin hesabına əyani tələbə qəbulu planı artırılıb.
Ölkəmizdə ilk dəfə olaraq Azərbaycan Dövlət İqtisad Universitetində İnnovativ Biznes-İnkubatoru yaradılıb. Layihənin əsas missiyası gənc menecer və sahibkarların yetişdirilməsi, tələbə və gənclərin biznesə cəlb edilməsidir.
Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi üzrə səmərəli iş aparılır. Dövlət Proqramı üzrə seçim prosesində ötən illərə nisbətən 2014-cü ildə fərqləndirici akademik göstəricilərə sahib olan tələbələrin sayı daha çox olub. Nəticədə 2014/2015-ci tədris ili üçün 572 tələbənin adı dünyanın nüfuzlu ali məktəblərində təhsil almaq hüququ qazanmış proqram təqaüdçüləri siyahısına daxil edilib.
Seçimlərdə bakalavriatdan sonrakı təhsil səviyyələrinə üstünlük verilib. Belə ki, seçimlər nəticəsində 309 nəfər magistratura, 44 nəfər doktorantura, 65 nəfər rezidentura təhsili almaq hüququ qazanıb. 154 tələbə isə baza ali tibb və bakalavriat səviyyələrində təhsil almaq imkanı əldə edib.
Tələbələr Türkiyə, Böyük Britaniya, Kanada, Rusiya, Avstraliya, ABŞ və digər ölkələrdə təhsilini davam etdirmək imkanı qazanıb.
Dövlət Proqramı çərçivəsində indiyədək 3 mindən çox gənc dünyanın aparıcı ali təhsil müəssisələrində təhsil almaq imkanı əldə edib.
Təhsil Nazirliyi tərəfindən 2015-2020-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə yeni Dövlət Proqramı hazırlanır.