ELM VƏ TƏHSİL


Təhsil sistemi dövlətin inkişaf konsepsiyasıdır

Bakı, 8 iyul, AZƏRTAC

Hər bir ölkənin təhsil sistemi onun daxilində olan təlim-tərbiyə müəssisələrinin məcmusu olmaqla yanaşı, cəmiyyətin iqtisadi münasibətlərinin xarakterindən, elmi-texniki tərəqqidən, sosial tələbatdan asılı olaraq dəyişir. Buraya məktəbəqədər tərbiyə müəssisələrindən başlamış təhsil akademiyalarına qədər çox müxtəlif təhsil ocaqları daxildir. Təhsil sistemi cəmiyyətin strateji vəzifəsi kimi mühüm rol oynayır. Ölkəmizdə təhsil sistemi Azərbaycan Respublikasının Təhsil Qanunu ilə tənzim olunur. Sivil demokratik ölkələrdə təhsil sistemi demokratik prinsiplər əsasında qurulur. Bura təhsilin humanist xarakterindən tutmuş onun demokratikləşdirilməsi və dövlət - ictimai xarakter daşıması, milli zəminə və ümumbəşəri dəyərlərə əsaslanması, elmi-dünyəvi xarakteri, fasiləsizlik, çeviklik, fərdiləşdirilməsi və diferensiallaşdırılması, habelə təhsil müəssisələrinin siyasi və dini qurumlardan asılı olmaması kimi prinsiplər daxildir. Təhsilin inkişafı, eyni zamanda, ölkənin inkişaf konsepsiyasının mühüm tərkib hissəsidir. Ölkəmizdə son illərdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər önəmli amil kimi dövlət siyasətinin mühüm strateji istiqamətlərindən biri və bəlkə də ən başlıcasıdır. Qloballaşan dünyanın çağırışlarına uyğun olaraq, təhsil sisteminin yüksək səviyyəyə qaldırılması, təhsilin modernləşdirmə, müasirləşdirmə mərhələsinə mütərəqqi layihələrlə can atan dövlətimizin başlıca hədəflərindəndir. Sürətli tərəqqi yolunda olan respublikamızda təhsil sisteminin insan kapitalının inkişafı çağırışlarına cavab verməsi yönündə yeni hədəflərin müəyyənləşdirilməsi və təhsilin keyfiyyət göstəricilərinin Avropa standartlarına uyğunlaşdırılması prioritet vəzifə kimi qarşıda durur. Bu baxımdan Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın təsdiqlənməsi barədə 2013-cü il 24 oktyabr tarixli Sərəncamı böyük əhəmiyyətə malikdir. Sərəncamda dövlətimizin inkişaf konsepsiyasına uyğun olaraq, strategiyamızda davamlı, dayanıqlı və rəqabətqabiliyyətli inkişafı təmin edən, insan kapitalının inkişafına önəm verən, insan resurslarının yetişdirilməsini və idarəedilməsini gerçəkləşdirən müasir təhsil sisteminin yaradılması ön plana çəkilir. Eyni zamanda, bu konseptual sənəddə ölkəmizdə beynəlxalq standartlara cavab verən təhsil sisteminin inkişaf istiqamətləri, başlıca hədəfləri dəqiq müəyyənləşdirilib, təhsil işçiləri qarşısında yeni, məsul vəzifələr qoyulub.

 Dövlət Strategiyasında inklüziv  təhsilin mütərəqqi inteqrasiyası

 Müstəsna əhəmiyyət kəsb edən Dövlət Strategiyası ölkəmizdə keyfiyyət nəticələri və əhatəliliyinə görə dünya ölkələri sırasında aparıcı mövqe tutan, səriştəli müəllim və təhsil menecerlərinə, qabaqcıl texnologiyalara əsaslanan infrastruktura malik təhsil sisteminin yaradılması üçün beş strateji istiqamətdə genişmiqyaslı tədbirləri nəzərdə tutur. Ümumiyyətlə, uğurlu təhsil siyasətinin reallaşması və həyata keçirilməsində, nəzərdə tutulan mütərəqqi məqsədlərə nail olunmasında pedaqoji kadrlar və onların hazırlayan təhsil sistemi xüsusi əhəmiyyətə malikdir. Belə ki, bu baxımdan bütün növ təhsil sisteminə - ali, orta və orta-ali, peşə və digər təhsil sisteminə yanaşma, beynəlxalq təcrübəyə uyğun, yeni təlim texnologiyaları və informasiya vasitələrindən professional səviyyədə istifadə olunması və bu yöndə prinsiplərin müəyyənləşdirilməsi, habelə idarəetmə sisteminin təkmilləşdirilməsi və digər bu kimi məsələlərinin həlli böyük əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin təhsil sisteminin şəffaflaşdırılması ilə bağlı imzaladığı növbəti 2015-ci il 19 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı”nda təhsil sisteminin bütün pillələrinin yeniləşməsi ilə bağlı mərhələlərlə həyata keçiriləcək tədbirlər sistemi öz əksini tapıb. Hazırda başlıca vəzifə bütün fəaliyyətimizi nəzərdə tutulmuş tədbirlərin məqsədyönlü şəkildə həyata keçirilməsinə yönəltməkdən ibarətdir. Milli Məclisin deputatı, professor Aqiyə Naxçıvanlı yuxarıda qeyd olunan Sərəncamın şərhinə dair qələmə aldığı “Təhsilin inkişafı üzrə Dövlət Strategiyası çoxşaxəli fəaliyyət və inkişaf proqramıdır” sərlövhəli yazısında Sərəncamdan irəli gələn məsələlərin həlli və uğurlu təhsil sisteminin inkişaf meyarları haqqında fikirlərini bölüşür. Professor Aqiyə Naxçıvanlı bildirib ki, Dövlət Strategiyasında qarşıya qoyulan hədəflərdən biri də distant təhsil, təlim- tərbiyə işinin differensiallaşdırılması, inklüziv təhsilə yeni münasibətlə bağlıdır. Differensiallaşdırmanın tərkib hissəsi olan inklüziv təhsilin təşkili sahəsində bütün növ təhsil ocaqlarının fəaliyyəti tədbirlər planına uyğun olaraq daha da genişləndiriləcək. 

“Dövlət Strategiyasında ali məktəblərin təhsil – tədqiqat-innovasiya mərkəzlərinə çevrilməsi, ali təhsil pilləsinin hər bir səviyyəsi üçün ixtisaslar üzrə standartların hazırlanması və tətbiqi nəzərdə tutulur. Elm kimi təhsilin də qloballaşması, elmlə təhsilin vəhdətinin ön plana çıxması yaşadığımız dünyanın reallıqlarındandır. Bu baxımdan xarici ölkələrin qabaqcıl təhsil ocaqları ilə elm-təhsil əlaqələri, təhsil sistemləri arasında inteqrasiya, qabaqcıl təcrübənin, innovasiyaların öyrənilməsi, tətbiqi zəruri vəzifə kimi qarşıda dayanır. Təhsil sahəsində maliyyələşdirmənin dayanıqlı və adekvat olmasını təmin edən, səmərəli və nəticəyönümlü yeni modelinin qurulması da Dövlət Strategiyasında nəzərdə tutulan ümdə məsələlərdən biridir. Hazırda təhsil ocaqlarında müəllim peşəkarlığının inkişafı üçün stimulların yaradılması, əməkhaqqı və maddi həvəsləndirmə sisteminin təkmilləşdirilməsi üzrə işlər aparılır. Şübhə yoxdur ki, stimullaşdırıcı mexanizmlərin tətbiqi müəllimlərin peşəkarlığının, səriştəlilik səviyyəsinin yüksəldilməsinə, sağlam rəqabətin formalaşmasına müsbət təsir edəcək, hər bir təhsilverənə öz işinə tənqidi yanaşmaq imkanı yaratmaqla inkişaf perspektivlərini göstərəcək və nəticə etibarilə müəllim əməyinin keyfiyyətinin yüksəlməsinə gətirib çıxaracaq”,- deyə A.Naxçıvanlı Dövlət Strategiyasını şərh edərkən bildirir.

 Müasir dünyada ölkənin uğurunu təhsil müəyyən edir

 Əlbəttə ki, ölkəmizdə çağdaş dünyanın çağırışlarına cavab verən təhsil sisteminin inkişafı və təhsil siyasətini müəyyənləşdirən Dövlət proqramlarının icrası, eyni zamanda, qarşıda qoyduğu vəzifələrin yerinə yetirilməsi təhsil sisteminin yeniləşməsinə, müəllim nüfuzunun artmasına, cəmiyyətdə kreativ təhsil düşüncəsinin formalaşmasına təkan verəcək, ölkəmizin hərtərəfli inkişafının davamlı və dayanıqlı olmasını təmin edəcək. Beləliklə, müasir təhsil sisteminin inkişafını ən yüksək səviyyəyə çatdırmaq üçün infrastruktur işləri tamamilə tənzimlənməli, müasir texniki vasitələrlə təmin olunmuş təhsil ocaqları yaradılmalı, güclü elmi-pedaqoji kadrlarların formalşdırılması üçün müvafiq addımlar atılmalıdır. Sadalanan zəruri addımlardan sonra artıq təhsildə mütərəqqi dəyişikliklərin baş verəcəyini gözləmək olar. Əməkdar Elm Xadimi , professor Nizami Xudiyevin dediyi kimi; - çünki təhsil sahəsi mürəkkəb struktura malik olan elə bir sahədir ki, bura yatırılan investisiya bir neçə mərhələdən sonra öz müsbət nəticəsini verməyə başlayır. Bu səbəbdən, müasir təhsilin dünyəvi elmi-pedaqoji çərçivədə inkişaf etdirilməsinin müəyyən qədər zamana ehtiyacı var. Əlbəttə ki, təhsil sahəsindəki irili-xırdalı problemlər mövcuddur. Lakin mövcud olan problemlər vaxtında həll edilməlidir ki, təhsil sferasında keyfiyyət göstəricilərinin sayı artsın, elmi sahədə ciddi nailiyyətlər əldə olunsun. Bununla da, ölkədə insan kapitalının formalaşdırılması prosesi davamlı xarakter alsın.

Prezidenti İlham Əliyev bu məsələyə böyük önəm verərək qeyd edir: “Əlbəttə, qarşımızda duran bütün vəzifələri gerçəkləşdirməyə nail olmaq üçün bizə ilk növbədə, peşəkarlar lazımdır. Bütün sahələrdə peşəkarlar lazımdır. Hansısa mühüm bir istiqamətə peşəkar kadr gələn kimi, biz o saat müsbət dinamika görürük... Müasir dünyada ölkənin uğurunu biliklər, elm, texnologiyalar və təhsil müəyyən edir...”

 Təhsilli gələcəyimiz - təhsillə gələcəyimizdir

 Təhsil sisteminin inkişafında tənzimləmə, idarəetmə və nəzarət funksiyalarının dəqiq müəyyən olunması, həmçinin tədris metodlarının mükəmməl tətbiqi də başlıca meyarlardan sayılır. Təhsildə müəyyən problemlərin azaldılması və həlli üçün bir sıra perspektiv tədbirlərin görülməsi onun keyfiyyətini arzu olunan səviyyədə sürətləndirə bilər. Respublikamızın təhsil sisteminin beynəlxalq təhsil məkanına daxil olması üçün beynəlxalq əlaqələri və bu sahədə qarşılıqlı əməkdaşlığı daha da gücləndirmək lazımdır ki, təhsildə dinamik inkişaf stabilləşsin. Bəllidir ki, təhsil sistemimiz beynəlxalq standartlara doğru böyük addımlarla irəliləyir və dünya ölkələrinin qabaqcıl təcrübəsindən daha çox bəhrələnir. Bu bəhrələnmə Azərbaycan iqtisadiyyatının sürətlə inkişaf etməsində və regionumuzda həyata keçirilən mühüm beynəlxalq layihələrdə dünya standartları səviyyəsində təhsil alan milli kadrların çalışmasına zəmin yaradır. Belə kadrların çoxalması və dövlətimizin müxtəlif idarəçilik, sənaye və təsərrüfat sahələrində yerləşdirilməsi milli maraqlarımıza cavab verən amillərdəndir. Ölkəmizdə təhsil sisteminin inkişafı, ümumiyyətlə bu yöndə görülən işlər və atılan addımlar bu sahənin bugünkündən daha çox gələcək inkişaf perspektivləri üzərində qurulub, kəmiyyətə deyil, keyfiyyətə hesablanıb. Ona görə də keyfiyyət meyarlarına köklənən təhsilli gələcəyimiz-təhsillə gələcəyimizdir. Bu gələcək Azərbaycanın təhsilli sabahıdır. Onun adı isə elmli gələcəkdir.

Ceyhun Alışlı

AZƏRTAC-ın müxbiri

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Milli Mətbuatın 142 illiyi münasibətilə keçirdiyi müsabiqəyə təqdim edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.