REGİONLAR


Təhsil sisteminin ali məqsədi vətənpərvər, bilikli və bacarıqlı vətəndaşlar yetişdirməkdir

A+ A

Tərtər, 1 iyul, AZƏRTAC

Təhsil Nazirliyinin əməkdaşları respublikanın bölgələrində çalışan təhsil işçiləri ilə sıx əlaqə yaratmaq, onların təklif, rəy və təşəbbüslərindən təhsil sahəsində həyata keçirilən islahatlar prosesində istifadə etmək, təhsil müəssisələrində tərbiyə işinin mövcud vəziyyəti və yenilənən informasiya cəmiyyətində onun gücləndirilməsinin əsas istiqamətləri barədə tövsiyələr vermək məqsədilə Tərtər, Ağdam, Ağcabədi, Füzuli, Xocavənd və Laçın rayonlarının təhsil işçiləri ilə görüş keçirib.

AZƏRTAC xəbər verir ki, Tərtər rayon Mədəniyyət Mərkəzində keçirilən görüşdə rayon təhsil şöbələrinin müdirləri və əməkdaşları, ümumi və məktəbdənkənar təhsil müəssisələrinin direktorları, direktor müavinləri, psixoloqlar iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Tərtər şəhərinin mərkəzi meydanındakı abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla yad ediblər. Sonra rayon məktəblilərinin əl işləri və idman sahəsində qazandığı uğurları əks etdirən sərgiyə baxış keçirilib.

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov qonaqları salamlayaraq, tədbirin əhəmiyyətini yüksək qiymətləndirib. Uşaqların və gənclərin tərbiyəsinə, vətənpərvərlik hisslərinin aşılanmasına xüsusi diqqət yetirdiyinə görə Təhsil Nazirliyinə təşəkkürünü bildirib.

Təhsil nazirinin müavini Firudin Qurbanov son 25 ildə ölkə həyatının bütün sahələrində, o cümlədən milli təhsil quruculuğu sahəsində əldə olunan nailiyyətlərdən, təhsilin inkişafı üzrə Dövlət Strategiyasının həyata keçirilməsi ilə bağlı görülən işlərdən, sürətlə modernləşən təhsil sisteminin üzərinə düşən vəzifələrdən, nazirliyin keçirdiyi islahatlardan danışıb.

F.Qurbanov son illərdə bir sıra mühüm hüquqi-normativ sənədlərin qəbul olunduğunu, təhsilin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində yeni proqramların və dərsliklərin hazırlanması işlərinin davam etdirildiyini, 12 illik ümumi təhsilə keçidlə bağlı müzakirələr aparıldığını, ötən 10 ildə ölkəmizdə 3 mindən çox yeni məktəbin tikildiyini və əsaslı təmir edildiyini diqqətə çatdırıb.

Nazir müavini müasir dövrdə təlim-tərbiyənin inkişaf istiqamətləri, yeni nəslin formalaşmasında rolu, gənclərin tərbiyəsində proiritetlər, təhsil sahəsində tərbiyənin inkişaf istiqamətlərindən danışıb, bu işlərin yerinə yetirilməsində müəllimlərin üzərinə böyük vəzifələr düşdüyünü deyib. Bildirib ki, ölkənin təhsil sisteminin ali məqsədi XXI əsrin tələblərinə cavab verən, vətənpərvər, bilikli, bacarıqlı, kamil vətəndaşlar yetişdirməkdir.

Tərtər rayon təhsil şöbəsinin müdiri Surxay Mirzəyev, Füzuli rayon təhsil şöbəsinin müdiri Ramella Məmmədova, Ağcabədi Pedaqoji kollecinin direktoru Mirələm İbrahimli, Ağdam rayon 139 nömrəli ümumi orta məktəbin direktoru Nəzakət Məmmədova və başqaları çıxış edərək, tədris, təlim və tərbiyə sahəsində görülmüş işlərdən söhbət açıb, mövcud problemlərin həlli ilə bağlı təkliflərini bildiriblər.

Tədbirdə təhsil işçilərinin fikirləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.