ELM VƏ TƏHSİL
“Təhsil və sahibkar valideynlər” layihəsi çərçivəsində görülən işlərə yekun vurulub
Bakı, 15 iyul, AZƏRTAC
Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Azərbaycan Valideyn-Müəllim Assosiasiyası” İctimai Birliyinin (İB) həyata keçirdiyi “Təhsil və sahibkar valideynlər” layihəsi çərçivəsində görülən işlərə yekun vurulub.
İB-dən AZƏRTAC-a bildirilib ki, bununla bağlı keçirilən tədbirdə təhsildə özəl sektorun korporativ sosial məsuliyyət layihələri müzakirə olunub, müvafiq təkliflər irəli sürülüb.
Qeyd olunub ki, layihə fəal təhsil mühitinin yaradılması və uşaqların səmərəli asudə vaxtı üçün özəl sektorda çalışan sahibkar valideynlərin məktəbə cəlb edilməsi məqsədilə reallaşıb. Layihə çərçivəsində Qusar, Şəmkir və Masallıda keçirilən “dəyirmi masa”larda məktəb icmaları ilə özəl müəssisələrin əlaqələrinin yaradılması, peşəyönümü kursların təşkili, sahibkar-məktəb, valideyn-məktəb kurslarının keçirilməsi, uşaqların asudə vaxtının təşkilində sahibkarların rolu və sair məsələlər müzakirə olunub.