ELM VƏ TƏHSİL
Təhsildə informasiya-kommunikasiya texnologiyalarının tətbiqi qarşıda duran əsas istiqamətlərdən biridir
Təhsildə informasiya-kommunikasiya texnologiyalarından (İKT) istifadə və İKT-nin tətbiqi qarşıda duran əsas istiqamətlərdən biridir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir əvəzi Elnur Əliyev oktyabrın 23-də Ə.Mahmudov adına 220 nömrəli məktəb-liseydə “Fərdiləşmiş tədris” layihəsi çərçivəsində İKT avadanlığı ilə təchiz olunmuş tədris otağının açılış mərasimində söyləyib.
Bildirilib ki, pilot layihə Təhsil Nazirliyi tərəfindən, “Aztech” və “Microsoft” şirkətlərinin Azərbaycan üzrə nümayəndəlikləri ilə birgə reallaşdırılıb. Layihə çərçivəsində məktəbin bir sinif otağı 30 planşet və 1 noutbuk ilə təmin olunub. E.Əliyev ölkəmizdə təhsilin keyfiyyətinin yüksəldilməsi məqsədilə həyata keçirilən layihənin əhəmiyyətini xüsusi vurğulayıb. O, tədrisin bu formada təşkilinin geniş vüsət alacağına və layihənin uğurla davam etdiriləcəyinə əminliyini bildirib.
Mərasimdə “Aztech” və “Microsoft” şirkətlərinin Azərbaycan üzrə nümayəndəliklərinin əməkdaşları layihənin əhəmiyyətindən danışıb, qarşılıqlı əməkdaşlığı dəstəklədiyi üçün Təhsil Nazirliyinə minnətdarlıqlarını bildiriblər.
Diqqətə çatdırılıb ki, “Fərdiləşmiş tədris” layihəsi çərçivəsində müəllimlərə xüsusi təlimlər keçirilib, avadanlıq müvafiq proqram təminatı ilə təchiz edilib.
Sonra tədris otağının açılışı olub.