ELM VƏ TƏHSİL
Təhsilin idarə olunması sahəsində gender bərabərliyinin təmin edilməsi ilə bağlı müzakirələr aparılıb
Bakı, 6 iyul, AZƏRTAC
İyulun 6-da Beynəlxalq Mətbuat Mərkəzində “Azərbaycanın sosial-iqtisadi inkişafına dəstək məqsədilə təhsilin idarə olunması sahəsində gender bərabərliyinin təmin edilməsi” layihəsinin yekunları ilə bağlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir “Kaspi” Təhsil Şirkətinin təşkilatçılığı ilə Təhsil Nazirliyi, Təhsil İnstitutu və Böyük Britaniyanın Queens Universiteti tərəfindən reallaşdırılıb.
Müvafiq qurumların nümayəndələrinin, təhsil işçılərinin iştirak etdikləri tədbirdə “Kaspi” Təhsil Şirkətinin nümayəndəsi Cavid Cəfərov qeyd olunan layihə və onun nəticələri barədə ətraflı məlumat verib. Bildirilib ki, layihənin məqsədi Azərbaycan ilə Böyük Britaniya arasında təhsil və tədqiqat əlaqələrini inkişaf etdirməkdir.
C.Cəfərov təhsilin idarə olunması sahəsində gender bərabərliyinin təmin edilməsinin əhəmiyyətindən danışıb.
Təhsil İnstitutunun böyük elmi işçisi Mətanət Qurbanova müasir dünyada təhsilin mühüm rolunu vurğulayıb, ölkəmizdə bu sahənin inkişafına xüsusi önəm verildiyini bildirib.
“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın əhəmiyyətini qeyd edən M.Qurbanova bu sənədə uyğun olaraq təhsil sahəsində həyata keçirilən tədbirlərdən, qazanılan uğurlardan bəhs edib.
M.Qurbanova təhsilin idarə olunması sahəsində gender bərabərliyinin təmin edilməsi ilə bağlı fikirlərini bildirib, bu sahədə qadınların rolunu vurğulayıb.
Queens Universitetinin nümayəndəsi Marina-Stefania Giannakaki və digər çıxış edənlər də layihənin yekunları ilə bağlı fikirlərini bölüşüblər.
Sonra müzakirələr aparılıb.