CƏMİYYƏT


Azərbaycan təhsil sisteminin təkmilləşdirilməsi istiqamətində qarşıda duran vəzifələr müzakirə olunub

A+ A

Bakı, 2 dekabr, Maqsud Dadaşov, AZƏRTAC

Dekabrın 2-də Bakıda Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin təşkilatçılığı ilə “Təhsilin keyfiyyətinin təmin edilməsində akkreditasiyanın rolu” mövzusunda beynəlxalq konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Təhsil Nazirliyinin əməkdaşları, ali təhsil müəssisələrinin rəhbərləri, təhsil üzrə yerli və beynəlxalq ekspertlər, xarici akkreditasiya qurumlarının nümayəndələri iştirak ediblər.

Təhsil naziri Mikayıl Cabbarov bildirib ki, konfransın keçirilməsinin məqsədi təhsildə keyfiyyətin idarə olunması, akkreditasiya sahəsində qarşıya çıxan çətinliklər və uğurlu təcrübələr ətrafında fikir mübadiləsi aparmaq, əməkdaşlıq perspektivlərini müzakirə etməkdir. Nazir, həmçinin təhsil sisteminin təkmilləşdirilməsi istiqamətində qarşıda duran vəzifələrdən, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın icrası ilə bağlı görülən işlərdən, təhsildə keyfiyyətin təminatı üçün innovativ yanaşmaların əhəmiyyətindən və akkreditasiyanın rolundan danışıb.

Nazir diqqətə çatdırıb ki, müasir Azərbaycanda müşahidə olunan siyasi sabitlik, iqtisadi tərəqqi, həyata keçirilən sosialyönümlü siyasət ölkəmizdə təhsilin inkişafı üçün möhkəm bünövrə rolunu oynayır. Son illərdə təhsilin maddi-texniki və normativ-hüquqi bazasının təkmilləşdirilməsi məqsədilə Azərbaycanda 10-dan çox dövlət proqramı həyata keçirilib, təhsilin məzmunu yenilənib, təhsil müəssisələrində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi əhəmiyyətli dərəcədə genişlənib. Ölkəmizin qarşıdakı illərdə sosial-iqtisadi və mədəni inkişaf yollarını müəyyənləşdirən “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında ənənəvi iqtisadiyyatdan “bilik iqtisadiyyatı”na keçidin əsasının qoyulması, bunun üçün həlledici amil olan insan kapitalının inkişafının ön plana çəkilməsi nəzərdə tutulub.

Təhsilin əhatəliliyinin və keyfiyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlərdən danışan M.Cabbarov Azərbaycanda təhsil müəssisələrinin akkreditasiyasına ilk dəfə 2004-cü ildə başlandığını və bununla bağlı iki dəfə - 2004-cü və 2010-cu illərdə tənzimləyici qaydaların qəbul olunduğunu deyib. Hökumətin qərarı ilə 2015-ci il noyabrın 18-də Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsi yaradılıb. İdarənin formalaşdırılması ilə paralel olaraq tənzimləyici sənədlər üzərində də işə başlanılıb.

Nazir yeni akkreditasiya qaydalarının Avropa ali təhsil məkanında keyfiyyət təminatı üzrə standartlar və təlimatlar sənədinə əsaslandığını bildirib. Vurğulanıb ki, sənədin hazırlanmasına Finlandiyanın FINNEC və Estoniyanın EKKA akkreditasiya agentliklərinin ekspertləri cəlb olunublar. M.Cabbarov deyib: “Hazırda akkreditasiyanın vacibliyini artıran bir neçə mühüm səbəb var. Ən vacib məqam Azərbaycan təhsil sisteminin dünya təhsil məkanına inteqrasiya etdiyi bir dövrdə bu sahədə liberallaşmanın davam etdirilməsidir. Bu yolla ali və digər təhsil müəssisələrinin muxtariyyətinin və rolunun artırılması gündəmə gəlir. Keyfiyyətin təminatı mexanizmləri getdikcə daha mühüm rol oynamağa başlayır. Bu baxımdan yalnız xarici və yaxud kənar akkreditasiyadan istifadə olunmasında deyil, həmçinin daxili akkreditasiya alətlərinin inkişafında maraqlıyıq”.

Ölkəmizdə təhsilin və elmin inkişafına göstərilən dövlət qayğısından danışan, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin elm və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəyli bildirib ki, müvafiq sahələrin inkişafına nail olmadan ölkənin hərtərəfli tərəqqisini təmin etmək mümkün deyil. Bu səbəbdən Azərbaycanda elm və təhsil prioritet sahələrdən birinə çevrilib. Bu inkişafı sürətləndirmək üçün qəbul olunan sənədlər, verilən qərarlar və həyata keçirilən layihələr bu gün müsbət nəticələr verməkdədir.

İ.Həbibbəyli qeyd edib ki, belə konfransların keçirilməsi Azərbaycanda elm və təhsil sahəsində mövcud problemlərin həlli yollarını axtarmaq, bu istiqamətdə dünya təcrübəsini öyrənmək və Azərbaycan təhsilinin inkişaf modelini müzakirə etmək üçün yaxşı imkan yaradır. Təhsil Nazirliyində yaradılmış Akkreditasiya və Nostrifikasiya İdarəsinin müvafiq istiqamətdə fəaliyyəti təqdirəlayiqdir.

Akkreditasiya və Nostrifikasiya İdarəsinin yaranması tarixindən danışan qurumun rəisi səlahiyyətlərini icra edən Samir Vəliyev diqqətə çatdırıb ki, akkreditasiya təhsilin həm güclü, həm də zəif tərəflərini üzə çıxara bilən, eyni zamanda, təhsilin keyfiyyətinin yüksəldilməsi yollarını müəyyənləşdirən, yaranan bazar münasibətləri şəraitində yüksək təhsil səviyyəsini təmin edə bilən əsas mexanizmdir. İdarə qısa vaxtda ölkədaxili və beynəlxalq miqyasda təhsildə keyfiyyətin təminatı üzrə peşəkar və etibarlı bir quruma çevrilmək hədəfinə nail olub. S.Vəliyev deyib: “İdarəmizin missiyası təhsildə keyfiyyətin təminatı sistemini təkmilləşdirməklə, təhsil müəssisələrinin yerli və beynəlxalq rəqabət qabiliyyətini yüksəltməklə, xarici dövlətlərin sənədlərini tanımaqla və ixtisas ekvivalentliyini müəyyənləşdirməklə əmək bazarını təhsilli mütəxəssislərlə təmin etməkdir”.

Sonra Qazaxıstanın Keyfiyyətin Təminatı üzrə Müstəqil Agentliyin prezidenti xanım Şolpan Kalanovanın, Gürcüstanın Təhsilin Keyfiyyətinin Yaxşılaşdırılması üzrə Milli Mərkəzin direktoru xanım Tamar Sanikidzenin ölkələrində təhsildə keyfiyyətin təminatı sisteminin yenidən qurulması ilə bağlı məruzələri dinlənilib.

Konfrans işini “Keyfiyyətin təminatında maraqlı tərəflərin iştirakının gücləndirilməsi”, “Keyfiyyətin təminatında milli və beynəlxalq perspektivlərin uzlaşması”, “Təhsildə keyfiyyətin təminatı nədən başlayır: daxili yoxsa kənar qiymətləndirmə?”, “Akkreditasiya ekspertlərinin seçilməsi və təlimi” və digər mövzularda sessiyalarla davam etdirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.