ELM VƏ TƏHSİL
Təhsilini Azərbaycan Tibb Universitetində davam etdirmək üçün Səhiyyə Nazirliyinə müraciət etmiş tələbələrin nəzərinə!
Bakı, 29 iyul, AZƏRTAC
Xarici ölkə universitetlərində, eləcə də Naxçıvan Dövlət Universitetində ali təhsilini başa çatdırmamış və bu təhsilin Azərbaycan Tibb Universitetində (ATU) davam etdirilməsi ilə bağlı Səhiyyə Nazirliyinə müraciət etmiş tələbələrin müvafiq kurslar üzrə əldə etdikləri biliklərinin test üsulu ilə qiymətləndirilməsi məqsədi ilə avqustun 10-da yoxlama imtahanının keçirilməsi planlaşdırılır.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından AZƏRTAC-a bildiriblər ki, ATU-nun tədris proqramına müvafiq olaraq aşağıdakı qrafikə əsasən hər fənn blokunda 20, cəmi 60 test tapşırığının təqdim olunması nəzərdə tutulur:
I kursu bitirənlər üçün
Normal anatomiya (I və II semestrin materialları əsasında)
Tibbi biologiya və genetika
Biofiziki və bioüzvi kimya
II kursu bitirənlər üçün
Normal anatomiya
Normal fiziologiya
Biokimya
III, IV və V kursu bitirənlər üçün
Patoloji anatomiya və patoloji fiziologiya
Mikrobiologiya
Biokimya
Hər bir düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar yekun bala təsir göstərmir. Altmış mümkün baldan ən azı 30 bal toplanması (fənlər üzrə ən azı altı bal) məqbul hesab olunur.
Sənədləri Səhiyyə Nazirliyində qəbul olunmuş tələbələr yoxlama imtahanında iştirak etmək üçün avqustun 3-də saat 10:00-dan avqustun 5-i saat 16:00-dək şəxsiyyəti təsdiqləyən sənədin əslini və surətini təqdim etməklə TQDK-ya (ünvan: Bakı şəhəri, Abdulvahab Salamzadə küçəsi 28, Bakı Asiya Universitetinin binası) şəxsən müraciət edə bilərlər.