ELM VƏ TƏHSİL
Təhsil.tv-nin ADNSU haqqında çəkdiyi sənədli filmin təqdimatı olub
Bakı, 10 mart, AZƏRTAC
Martın 10-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Təhsil.tv-nin “Ali hədəflər” layihəsi çərçivəsində ADNSU haqqında çəkdiyi sənədli filmin təqdimatı olub.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, filmdə ADNSU-nun tarixindən, vaxtilə universitetdə təhsil almış görkəmli şəxsiyyətlərdən, həmçinin universitetin bugünkü həyatından, tələbələrdən, beynəlxalq əlaqələrindən, laboratoriya və tədris prosesindən bəhs edilib.
Film nümayişindən sonra ADNSU-nun rektoru, professor Mustafa Babanlı film haqqında təəssüratlarını bölüşüb, yaradıcı heyətə dərin təşəkkürünü bildirib.
Təhsil Nazırliyinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov ADNSU-nun hər zaman seçilən universitet olduğunu vurğulayıb. Yalnız şanlı tarixi və parlaq gələcəyi olan ali məktəbin savadlı və peşəkar mütəxəssislər yetişdirə biləcəyini qeyd edən C.Valehov ADNSU-nun, eyni zamanda, gələcəyin universiteti olduğunu söyləyib.
Qeyd olunub ki, “Ali hədəflər” layihəsi Təhsil Nazirliyi və Təhsil.tv-nin birgə layihəsidir, ölkədəki ali təhsil müəssisələrinin tarixi keçmişi və hazırki fəaliyyətini əks etdirən filmlərin çəkilişini nəzərdə tutur.
Təhsil.tv-nin əməkdaşlarına təşəkkürnamə təqdim edilib.