ELM VƏ TƏHSİL
Tələbə Elmi Cəmiyyətinin elmi-tədqiqat işlərinin yekunlarına həsr edilmiş konfrans
Naxçıvan, 26 may, AZƏRTAC
Tələbə Elmi Cəmiyyəti (TEC) ali təhsil tarixində, bugünkü tanınmış elm xadimləri və pedaqoqların alim-ziyalı kimi yetişməsində özünəməxsus rola malikdir. Cəmiyyətdə fəallıq göstərən tələbələr bilik qazanır, magistratura pilləsində təhsil ala biləcək real namizədlərə çevrilirlər.
“Naxçıvan” Universitetinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ali təhsil ocağında 2014-2015-ci il tədris ilində yerinə yetirilən Tələbə Elmi Cəmiyyəti tədqiqat işlərinin yekunlarına həsr edilmiş konfransda bu barədə danışılıb.
Konfransı universitetin rektoru, professor İsmayıl Əliyev açaraq TEC-in tələbələrin universitetdə aparılan elmi tədqiqat işlərinə cəlb olunmasına, elmi axtarışlar aparmaq vərdişləri əldə etmələrinə şərait yaradan bir qurum olduğunu vurğulayıb. Bildirilib ki, ali məktəblərdə tələbələrin elmi-tədqiqat işlərinin təşkili və əlaqələndirilməsi vəzifələrini Tələbə Elmi Cəmiyyəti yerinə yetirir. Eyni zamanda, bu cəmiyyət istedadlı və bacarıqlı tələbələrin üzə çıxarılması istiqamətində ardıcıl işlər görür.
Konfransda ali təhsil ocağının tələbələrindən Müseyib Bayramovun “Biləv su elektrik stansiyasının inşasının Gilançay hövzəsinin ekoloji mühitinə təsiri”, Zülfiyyə Novruzovanın “Naxçıvan” Universiteti gənc inkişaf etmiş universitetlərlə müqayisədə”, İsmayıl Salahlının “Beynəlxalq uçot sistemində mühasibat uçotunun nəzəri-metodoloji əsasları” mövzularında məruzələri dinlənilib.
Plenar iclas işini “Pedaqogika və psixologiya”, “Azərbaycan dili və ədəbiyyat”, “İqtisadiyyat”, “Ümumi tarix”, “Təbiət elmləri”, “İdarəetmə”, “Xarici dillər”, “Riyaziyyat və informatika” bölmələri üzrə davam etdirib.