REGİONLAR
Tələbə Elmi Cəmiyyətinin yekun konfransı keçirilib
Naxçıvan, 6 iyun, AZƏRTAC
Naxçıvan Dövlət Universitetində (NDU) 2016-2017-ci tədris ilində Tələbə Elmi Cəmiyyətinin (TEC) xətti ilə yerinə yetirilmiş elmi-tədqiqat işlərinin yekununa həsr olunmuş ümumuniversitet elmi konfransı olub.
NDU-nun mətbuat şöbəsindən AZƏRTAC-a bildirilib ki, plenar iclasda universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov çıxış edərək TEC-i gələcəyin magistrlərinin, elmi tədqiqatçılarının yetişməsində mühüm rol oynayan bir təşkilat kimi səciyyələndirib.
Elmi işlər üzrə prorektor, dosent Mübariz Nuriyev çıxış edərək NDU-da fəaliyyət göstərən TEC-in tələbələrin elmi fəallığının və dünyagörüşünün artırılmasındakı rolundan, fakültələr üzrə TEC sədrlərinin tələbələrlə apardığı işlərdən danışıb. O, müəllim və tələbələrə keçiriləcək bölmə iclaslarına uğurlar arzulayıb, elmi rəhbərləri elmi-tədqiqat işlərinin qiymətləndirilməsində obyektiv olmağa çağırıb.
TEC-in qarşısında duran vəzifələr haqqında məruzə edən universitet TEC-in sədri, riyaziyyat və informatika müəllimliyi ixtisası üzrə II kurs tələbəsi Bətulə Əlizadə bildirib ki, hər il olduğu kimi, cari tədris ilində də TEC-in iş planının tərtib olunması və tələbələrlə əlaqələrin gücləndirilməsi kimi məsələlərin həllinə baxılıb. Həmçinin il ərzində TEC-in kafedralar və fakültələr üzrə fəaliyyətində xeyli irəliləyişlərin olduğu diqqətə çatdırılıb.
Beynəlxalq münasibətlər ixtisası üzrə II kurs tələbəsi Aysu Cavadlı “Azərbaycan Respublikasının müstəqil enerji sisteminin yaradılmasında ümummilli lider Heydər Əliyevin rolu” mövzusunda hazırladığı elmi-tədqiqat işini təqdim edib. Vurğulanıb ki, 1969-cu ildə Ulu Öndər respublika rəhbərliyinə gəldikdən sonra o vaxta qədər elektrik enerjisinin idxalı ilə məşğul olan ölkəmiz 1982-ci ildə artıq elektrik enerjisini ixrac edən respublikaya çevrilməyə müvəffəq olub. Yaradılma tarixi Ümummilli Liderin adı ilə bağlı olan müstəqil Azərbaycanın energetika sistemi Prezident İlham Əliyev tərəfindən müxtəlif vaxtlarda təsdiq olunmuş dövlət proqramları çərçivəsində həyata keçirilən tədbirlər nəticəsində daha da inkişaf etdirilərək dünya standartlarına uyğun səviyyədə yenidən qurulmaqdadır.
Konfrans 46 bölmə üzrə işini davam etdirib. Burada tələbələr müasir informasiya-kommunikasiya vasitələrindən istifadə etməklə elmi məqalələrin bütün detallarını, cədvəlləri, şəkilləri, diaqramları əyani şəkildə konfrans iştirakçılarına təqdim ediblər. Sonra tələbələrin məruzələri dinlənilib, müzakirələr aparılıb.