REGİONLAR


Tələbə Gənclər Təşkilatlarının I Regional Forumu keçirilib VİDEO

A+ A

Gəncə, 29 iyul, AZƏRTAC

Gəncədə Prezident yanında Gənclər Fondunun maliyyə dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) birgə təşkilatçılığı ilə Tələbə Gənclər Təşkilatlarının I Regional Forumu keçirilib.

AZƏRTAC xəbər verir ki, forumda Prezident Administrasiyasının, Gənclər və İdman Nazirliyinin, Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndələri, Milli Məclisin deputatları, universitetlərin prorektorları və gənclər təşkilatlarının sədrləri iştirak edib.

Forum öz işinə Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

ATGTİ-nin sədri, Milli Məclisin deputatı Şahin İsmayılov forum iştirakçılarını salamlayaraq bildirib ki, 3 paneldən ibarət olacaq forumda gənclər təşkilatlarının dövlət gənclər siyasətinə verə biləcəyi töhfələr haqqında fikir mübadiləsi aparılacaq. Forumun yekununda tələbə gənclər təşkilatlarının gələcək inkişafı üçün qərarlar qəbul ediləcək.

Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev çıxışında qeyd edib ki, ölkədə uğurlu gənclər siyasəti həyata keçirilir və burada ATGTİ-nin rolu danılmazdır. Tələbə gənclər təşkilatları hər zaman innovativ təşəbbüslərlə çıxış edərək, həm paytaxtda, həm də regionlarda gənclərin şəxsi inkişafına yönələn tədbirlər həyata keçirirlər.

Prezident yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev çıxışında deyib ki, Azərbaycanda həyata keçirilən tələbə gənclər siyasəti dünya üçün örnəkdir. Dövlətimizin gənclərə diqqət və qayğısı hər bir sahədə özünü göstərir. Azərbaycanın gənclər siyasəti çox uğurlu bir modeldir və bu gün bu model öz bəhrəsini verməkdədir.

Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Elnur Rzayev çıxışında vurğulayıb ki, Tələbə Gənclər Təşkilatlarının I Regional Forumunun “Avropa Gənclər Paytaxtı” olan Gəncədə keçirilməsi bu şəhərdə gənclərin fəallığından xəbər verir. Gəncə şəhərində təhsil alan və yaşayan gənclər daim dövlət gənclər siyasətinə öz töhfələrini verirlər.

Gənclər və İdman Nazirliyinin sektor müdiri Elşən Hüseynov çıxış edərək, cəmiyyətdə gənclərin rolundan danışıb. Bildirib ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə fəal mövqedən çıxış edirlər.

Milli Məclisin deputatı Naqif Həmzəyev gənclərlə aparılan işlərdən ətraflı bəhs edib, onların şəhər təşkilatının tədbirlərində fəallıqları ilə seçildiyini, gənclərin bütün sahələrdə irəli çəkildiyini vurğulayıb. Həmçinin bildirilib ki, dövlət gənclər siyasəti nəticəsində Gəncə 2016-cı ilin “Avropa Gənclər Paytaxtı” seçilib. Bu məqsədlə Gəncədə yüzlərlə yerli və beynəlxalq səviyyəli tədbir həyata keçirilib ki, həmin tədbirlərdə də minlərlə gənc iştirak edib. Keçirilən beynəlxalq tədbirlərdə iştirak etmək üçün bu gün Avropanın müxtəlif ölkələrindən yüzlərlə gənc Gəncəyə səfər edir, onun mədəniyyəti, tarixi ilə yaxından tanış olurlar.

Çıxışlardan sonra TGT-lərin fəaliyyətinin təkmilləşdirilməsi, problemlər və perspektivlər, TGT-lərin vəzifə və öhdəlikləri, gənclər siyasətində rolu mövzuları panellərdə müzakirə edilib.

Sonda panellər üzrə müzakirələr nəticəsində forumun qətnaməsi qəbul olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.