ELM VƏ TƏHSİL
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası II və III ixtisas qruplarının abituriyentləri (əvvəlki illərin məzunları) üçün qəbul imtahanı keçirmişdir VİDEO
Bakı, 11 may (AZƏRTAC). Mayın 11-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2014/2015-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul olunmaq istəyən əvvəlki illərin məzunları üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirmişdir.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından AZƏRTAC-a bildirmişlər ki, imtahan respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində təşkil olunmuşdur.
İmtahan saat 11.00-da başlanmış və saat 14.00-da başa çatmışdır.
İmtahan başa çatdıqdan dərhal sonra müstəqil ekspertlər tərəfindən test suallarının ekspertizasına başlanmışdır. Mayın 11-də saat 16.00-da “Space” telekanalında canlı yayımlanan “Abituriyent” verilişində TQDK-nın məsul əməkdaşları və ekspertlər tərəfindən imtahanda istifadə olunmuş sualların düzgün cavabları və test tapşırıqları ilə bağlı geniş izahat veriləcəkdir. İmtahanda istifadə olunmuş sualların düzgün cavabları, eyni zamanda, TQDK-nın internet saytında və “Facebook” səhifəsində yerləşdiriləcəkdir.