ELM VƏ TƏHSİL
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası rus bölməsinin abituriyentlərinə tövsiyə edir
Bakı, 27 fevral, AZƏRTAC
Ali təhsil müəssisələrinin və tam orta təhsil (11 illik) bazasında orta ixtisas təhsili müəssisələrinin rus bölməsinə qəbul olunmaq istəyən abituriyentlər “Azərbaycan Respublikasında Dövlət dili haqqında” Azərbaycan Respublikasının qanununa əsasən “Azərbaycan dili” fənnindən test imtahanı verməlidirlər.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) AZƏRTAC-a bildiriblər ki, həmin imtahanda iştirak etmək üçün qeydiyyat martın 1-dən 31-dək internet vasitəsilə aparılacaq.
Rus bölməsinin abituriyentləri qeydiyyatdan keçmək üçün TQDK-nın virtual ödəmə kartını əldə etməlidirlər. Ödəmə kartını internet ödəmə vasitəsilə və ya bütün mobil operatorlardan 7725 nömrəsinə boş SMS göndərməklə əldə etmək olar (Dövlət rüsumu 2 AZN-dir). Rus bölməsinin abituriyentləri iş nömrəsi və şifr əldə etdikdən sonra TQDK-nın internet saytının müvafiq səhifəsinə daxil olaraq qeydiyyatdan keçməlidirlər.
Həmin abituriyentlərin əldə etdikləri bu ödəmə kartındakı iş nömrəsi və şifrdən elektron ərizə qəbulunun bütün mərhələlərində istifadə olunacaq. TQDK-nın ikinci ödəmə kartını əldə etməyə ehtiyac olmayacaq.
Rus bölməsinin abituriyentləri üçün birinci Azərbaycan dili imtahanı aprelin 26-da, ikinci imtahan isə iyulun 7-də keçiriləcək.