ELM VƏ TƏHSİL
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə əvvəlki illərin məzunları üçün qəbul imtahanı keçirəcəkdir VİDEO
Bakı, 27 iyun (AZƏRTAC). İyunun 27-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) qəbul kampaniyasının gedişi və buraxılış imtahanları ilə bağlı növbəti mətbuat konfransı keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, konfransda TQDK-nın sədri Məleykə Abbaszadə bu il keçirilmiş buraxılış imtahanlarının nəticələri barədə fikirlərini diqqətə çatdırmışdır.
Eyni zamanda, ali təhsil müəssisələrinin magistratura pilləsinə qəbul olunan bakalavrların qeydiyyatı, ali təhsil müəssisələrinə cari il məzunlarının qəbul imtahanlarına hazırlıq tədbirləri barədə ətraflı məlumatlar verilmişdir.
TQDK-nın sədri bildirmişdir ki, iyunun 29-da ümumi orta təhsil bazasında (IX illik) orta ixtisas təhsili müəssisələrinə əvvəlki illərin məzunları üçün qəbul imtahanı keçiriləcəkdir.
Qeyd olunmuşdur ki, qəbul qaydaları, qəbul haqqında elan, qəbul aparılan ixtisasların siyahısı və plan yerləri haqqında məlumat “Abituriyent” jurnalının 3-cü nömrəsində dərc edilmişdir.
İmtahanda iştirak etmək üçün 14 min 923 abituriyent ərizə təqdim etmişdir. 14 min 380 abituriyent Azərbaycan bölməsi, 543 abituriyent isə rus bölməsi üzrə imtahan verəcəkdir.
Qəbul imtahanı mərkəzləşmiş qaydada respublikanın 14 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Tovuz, Ağcabədi, Göyçay, Şirvan, Salyan, Lənkəran, Masallı və Xaçmazda keçiriləcəkdir.
TQDK iyunun 29-da buraxılış imtahanları da keçirəcəkdir. Bu imtahanlarda ümumi orta və tam orta təhsil səviyyələrini əvvəlki dərs illərində başa vurmuş, lakin müxtəlif səbəblərə görə yekun attestasiyası aparılmamış, eləcə də eksternat qaydasında attestasiyada iştirak etmək üçün təhsil aldıqları məktəblərə müraciət etmiş və imtahana buraxılması haqqında həmin təhsil müəssisəsi tərəfindən qərar qəbul edilmiş şagirdlər, əvvəlki illərdə keçirilmiş buraxılış imtahanlarında məqbul qiymət ala bilməmiş məktəblilər, həmçinin üzrlü səbəbdən 2014-cü ildə keçirilən buraxılış imtahanlarında iştirak edə bilməmiş cari ilin məzunu olan şagirdlər iştirak edəcəklər.
Bu imtahanlarda ümumilikdə (IX və XI siniflər üzrə) 5 min 406 şagirdin iştirakı gözlənilir.
Konfransda M. Abbaszadə jurnalistləri maraqlandıran sualları cavablandırmışdır.