ELM VƏ TƏHSİL
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Sumqayıt şəhərində vətəndaşları qəbul etmişdir VİDEO
Sumqayıt, 4 iyul (AZƏRTAC, Ətrabə Rzayeva). Azərbaycan Prezidentinin tapşırığına və mərkəzi icra hakimiyyəti orqanları tərəfindən bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq iyulun 4-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə Sumqayıt şəhərinin Tarix Muzeyində vətəndaşları qəbul etmişdir.
AZƏRTAC xəbər verir ki, qəbulda Sumqayıt şəhərinin sakinləri ilə yanaşı, Abşeron, Xızı rayonlarında yaşayan və orada məskunlaşmış Qubadlı, Zəngilan, Şuşa rayonlarından olan məcburi köçkünlər də iştirak etmişlər.
Qəbul haqqında kütləvi informasiya vasitələri və TQDK-nın internet resursları vasitəsilə əvvəlcədən məlumat verilmişdir. Qəbula gəlmək istəyən vətəndaşların rahatlığının təmin edilməsi məqsədilə qurumun internet saytında “Elektron müraciət” xidmətləri vasitəsilə və müvafiq rayonların təhsil şöbələrində qeydiyyat aparılmışdır.
Qəbulda bölgədə yaşayan 20-dən çox vətəndaşın müraciətinə baxılmış, onların şikayət və təklifləri dinlənilmişdir.
Vətəndaşlar TQDK-nın sədrinə ikinci ali təhsil, buraxılış imtahanları, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanları, qabiliyyət imtahanları və s. məsələlərə dair rəy və sorğularını çatdırmışlar.
Qəbulda iştirak edən vətəndaşlar, həmçinin TQDK tərəfindən nəşr edilən siniflər üzrə test tapşırığı topluları və orta ümumtəhsil müəssisələrində istifadə olunan dərs vəsaitləri ilə bağlı da müraciətlər etmişlər.
Vətəndaşlar onlar üçün yaradılmış bu imkandan razı qaldıqlarını bildirmişlər.
Bütün müraciətlərin qeydiyyatı aparılmış, onların əksəriyyətinin həll olunması üçün müvafiq tapşırıqlar verilmişdir. Bəzi vətəndaşların TQDK-nın səlahiyyətlərinə aid olmayan müraciətləri isə müvafiq təşkilatlara çatdırılmaq üçün qeydiyyata alınmış və nəzarətə götürülmüşdür.
Qəbuldan sonra M. Abbaszadə Sumqayıt şəhərinin, Abşeron və Xızı rayonlarının təhsil şöbələrinin müdirləri ilə görüşmüşdür. Görüşdə aktual məsələlər müzakirə olunmuşdur.