ELM VƏ TƏHSİL
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri abituriyentlər üçün videokonfrans keçirib
Bakı, 31 iyul, K.Əliyeva, AZƏRTAC
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə iyulun 31-də Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Hökumət Təlim-Tədris Mərkəzində ali və orta ixtisas təhsili müəssisələrinə qəbul kampaniyası ilə əlaqədar abituriyentlər üçün videokonfrans keçirib.
AZƏRTAC xəbər verir ki, tədbirdə M.Abbaszadə abituriyentlərə qəbul prosesi ilə bağlı bir çox vacib məlumat və tövsiyələr verib. Ali məktəblərə qəbul prosesində ixtisas seçiminin xüsusi əhəmiyyət daşıdığını vurğulayan TQDK-nın sədri bildirib ki, abituriyentlər öz seçimləri ilə müsabiqənin vəziyyətinə təsir göstərə bilərlər. Müsabiqədə iştirak etmək hüququ qazanmış hər bir abituriyent 15 ixtisas seçəcək və heç kəs deyə bilməz ki, kim hansı ixtisaslara üstünlük verəcək. M.Abbaszadə abituriyentlərə ixtisas seçərkən diqqətli olmağı, ixtisasların ardıcıllığını düzgün müəyyənləşdirməyi tövsiyə edib. Qeyd olunub ki, ixtisas seçərkən ballara və istəyə uyğun seçim aparmaq, valideynlərlə məsləhətləşmək vacibdir. Təcrübə göstərir ki, abituriyentlər çox vaxt ixtisas seçimini özləri aparmır, başqalarına həvalə edirlər. Bu, yanlış yoldur. TQDK-nın ixtisas seçimində abituriyentlərə kömək məqsədilə vəsaitlər çap etdirdiyini diqqətə çatdıran M.Abbaszadə ixtisas seçimindən əvvəl bu nəşrlərlə tanış olmağı tövsiyə edib.
Videokonfransda Sumqayıt, Gəncə, Mingəçevir, Lənkəran, Şirvan, Şəki və Şərur şəhərlərindən olan abituriyentlər onlayn rejimdə iştirak edib, qəbul prosesi ilə bağlı onları maraqlandıran suallarla TQDK-nın sədrinə müraciət ediblər.
Suallar əsasən ali təhsil müəssisələrinə aparılan ixtisas seçimində iştirak etmək üçün tələb olunan müsabiqə şərti, qəbul aparılan ixtisaslar, ixtisas seçimi zamanı müraciət edilməli olan köməkçi vəsaitlər, müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlərin imtahan nəticələrinin bal intervalları üzrə paylanması və digər mövzuları əhatə edib.
Komissiya sədri ona ünvanlanan sualları ətraflı cavablandırıb, ixtisas seçimi zamanı diqqət göstərilməsi vacib olan məqamları bir daha xatırladıb və bu məsələ ilə bağlı abituriyentlərə bir sıra vacib məlumatları çatdırıb, tövsiyələr verib.