ELM VƏ TƏHSİL
Tələbə adını qazanan kəlbəcərli gənclər mükafatlandırılıb
İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, görüşdə "Aşıq Şəmşir Mədəniyyət Ocağı" İB-nin hər yeni tədris ilinin başlanğıcında Kəlbəcər rayonundan olan və tələbə adını qazanan gənclərlə görüş keçirməsi və onları mükafatlandırması müsbət hal kimi dəyərləndirilib. Belə tədbirlərin gənclər üçün stimul olduğu vurğulanıb.
Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Aqil Məmmədov rayon gənclərinin uğurlarından, xüsusilə onların təhsildə və digər sahələrdə əldə etdikləri nailiyyətlərdən danışıb. O, orta məktəbi bitirib təhsillərini müxtəlif ali təhsil ocaqlarında davam etdirən bütün kəlbəcərli gənclərə uğurlar arzulayıb.
"Aşıq Şəmşir Mədəniyyət Ocağı" İB-nin sədr müavini Həbib Misirov Azərbaycan dövlətinin gənclər siyasətinin uğurlu nəticələrindən söhbət açıb. Bildirib ki, bu gün hər bir Azərbaycan gənci dövlətimizin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunub.
Tələbə adını qazanan kəlbəcərli gənclərə öz tövsiyələrini çatdıran sədr müavini bundan sonra da məcburi köçkün həyatı yaşayan gənclərlə müxtəlif görüşlər keçirəcəklərini, İctimai Birlik olaraq onların nümunəvi təhsil almaları üçün əllərindən gələn dəstəyi əsirgəməyəcəklərini söyləyib.
Görüşün sonunda bu il ali məktəblərə qəbul imtahanlarında iştirak edərək tələbə adını qazanan 300 nəfərdən artıq kəlbəcərli gəncin hər birinə "Aşıq Şəmşir Mədəniyyət Ocağı" İctimai Birliyi adından qiymətli hədiyyələr və pul mükafatları təqdim edilib.