CƏMİYYƏT
“Tələbə baharı” ümumrespublika yaradıcılıq festivalının final mərhələsi keçirilib
Bakı, 29 aprel, Həsrət Mahmudova, AZƏRTAC
Aprelin 29-da Azərbaycan Akademik Milli Dram Teatrında “Tələbə baharı” ümumrespublika tələbə yaradıcılıq festivalının final mərhələsi keçirilib.
AZƏRTAC xəbər verir ki, festivalın keçirilməsində məqsəd tələbə-yaradıcılıq kollektivlərini inkişaf etdirmək, ali təhsil müəssisələrinin tələbələri və dərnəklər arasında mübadiləni təşkil etmək, tələbələrin estetik tərbiyə sistemini təkmilləşdirməkdir. Yaradıcı və istedadlı gənclərin üzə çıxarılması, onlara dövlət qayğısının artırılması, asudə vaxtlarının səmərəli təşkili sahəsində səylərin gücləndirilməsi, yeni ünsiyyət və əlaqələrin formalaşdırılmasına şərait yaradılması da layihənin əsas məqsədləri arasındadır.
Tədbirdə qeyd olunub ki, aprelin 13-16-da festivalın seçim mərhələləri keçirilib. Seçim turlarında 15-dən çox ali təhsil müəssisəsindən 200-dən artıq tələbə müxtəlif nominasiyalar üzrə istedadlarını nümayiş etdiriblər.
Gənclər və idman nazirinin müavini İntiqam Babayev tədbirdə çıxış edərək festivalın əhəmiyyətindən danışıb. Qeyd edib ki, Gənclər və İdman Nazirliyi tərəfindən 2007-ci ildən etibarən ali təhsil müəssisələrinin tələbələri arasında hər il “Tələbə baharı” ümumrespublika yaradıcılıq festivalı keçirilir. Festival bir sıra istedadlı gənclərin üzə çıxarılmasında vacib rol oynayıb. Bu festivalın qalibləri ölkəmizi beynəlxalq müsabiqələrdə, o cümlədən “Eurovision” mahnı yarışmasında uğurla təmsil ediblər.
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri, deputat Şahin İsmayılov da çıxışında festivalın əhəmiyyətindən danışıb, iştirakçılara uğurlar arzulayıb.
Sonda festivalın qaliblərinə Gənclər və İdman Nazirliyinin və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının diplomları və xatirə hədiyyələri təqdim edilib.
Xatırladaq ki, 2011-ci ildən etibarən “Tələbə baharı” ümumrespublika tələbə yaradıcılıq festivalı Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı ilə birgə təşkil olunur.