ELM VƏ TƏHSİL
Tələbə gənclər Heydər Əliyevin yüksək ideallarına sadiqdirlər
Bakı, 10 may, AZƏRTAC
Mayın 10-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) tarix və coğrafiya fakültəsinin Azərbaycan tarixi kafedrasının və Heydər Əliyev Muzeyinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilən tədbir keçirilib.
ADPU-dan AZƏRTAC-a bildirilib ki, universitetin rektoru, professor Cəfər Cəfərov ulu öndər Heydər Əliyevin şərəfli və mənalı həyat yolundan, çoxşaxəli idarəçilik və dövlətçilik fəaliyyətindən bəhs edib. Rektor bildirib ki, ADPU respublikamızda pedaqoji kadr hazırlığının mərkəzi hesab edilir. Universitetin tələbə gəncləri daim öz bilik və bacarıqlarını artırmalı, aparıcı xarici dilləri öyrənməli, Heydər Əliyevin yüksək ideallarına sadiq qalmalı, Ulu Öndərin həyat və fəaliyyətini, zəngin idarəçilik, dövlətçilik təcrübəsini dərindən öyrənməlidirlər.
Heydər Əliyev Muzeyinin direktoru Sahilə Nəcəfova, ADPU rektorunun müşaviri, professor Vilayət Əliyev Ulu Ondərin milli xilaskar, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, qüdrətli dövlət rəhbəri olduğunu bildiriblər.
Tədbirdə Azərbaycan tarixi kafedrasının müdiri, dosent Naibə Əhmədova “Heydər Əliyev və müəllimlik peşəsi”, Azərbaycan tarixi kafedrasının professoru Xəqani Məmmədov “Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin banisidir” mövzularında məruzələrlə çıxış ediblər.