ELM VƏ TƏHSİL
Tələbə-könüllülər “Avropa Gənclər Festivalı”nda iştirak ediblər
Bakı, 10 oktyabr, AZƏRTAC
“Bir” Tələbə-Könüllülər Gəncə şəhərində keçirilən “Avropa Gənclər Festivalı”nda iştirak ediblər.
“Gəncə-2016 Avropa Gənclər Paytaxtı” layihəsi çərçivəsində keçirilən tədbirə dövlət rəsmiləri, Avropanın əksər ölkələrindən gənclər və aparıcı təşkilatların rəhbərləri qatılıblar.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, 48 ölkədən 100-dən çox gəncin iştirakçısı olduğu festivalın keçirilməsinin əsas məqsədi dünyanın müxtəlif ölkələrindən olan gəncləri bir araya gətirərək, onları Azərbaycanın mədəniyyəti, adət-ənənələri, zəngin tarixi ilə tanış etmək, dünyaya sülh və birlik mesajı vermək olub.
Beynəlxalq tədbir çərçivəsində münaqişələrin həlli və sülh quruculuğunda gənclərin rolu, gənclər siyasəti, incəsənət, idman və mədəniyyət mövzuları müzakirə olunub.
Festival müddətində gənclər təşkilatlarının sərgisi də keçirilib. Sərgi zamanı ayrıca stenddə yer alan “Bir” Tələbə-Könüllülər Proqramı haqqında ətraflı məlumat verilib.
Festival idman yarışları, əyləncəli proqram və konsertlə davam edib.