ELM VƏ TƏHSİL


Tələbə kreditlərinin verilməsində beynəlxalq təcrübə öyrənilir

A+ A

Bakı, 8 fevral, İbrahim Əsədov, AZƏRTAC

Fevralın 8-də Bakıda “Maarifçi” Tələbə Kredit Fondu, Təhsil Nazirliyi və Dünya Bankının birgə təşkilatçılığı ilə “Maarifçi” Tələbə Kredit Fondunun fəaliyyəti və Azərbaycanda tələbə kreditləri proqramı” mövzusunda tədbir keçirilib.

Tədbirin keçirilməsinin məqsədi tələbə kreditlərinin verilməsi sahəsində beynəlxalq təcrübənin öyrənilməsi, bu sahədə əməkdaşlıq imkanlarının artırılması olub.

AZƏRTAC xəbər verir ki, tədbirdə təhsil naziri Mikayıl Cabbarov Prezident İlham Əliyevin təhsilə daim böyük önəm verdiyini vurğulayıb.

Müasir dünyada təhsilin mühüm rolunu xatırladan nazir “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun reallaşdırılan tədbirlərdən, o cümlədən ali təhsil sahəsində həyata keçirilən layihələrdən danışıb.

Ötən il fəaliyyətə başlayan “Maarifçi” Tələbə Kredit Fondunun təhsil kreditlərinin verilməsində ilk təcrübə olduğunu bildirən M.Cabbarov bu sahədə beynəlxalq qurumlarla əməkdaşlığın vacibliyini vurğulayıb. Təhsil naziri universitetlərin bu təşəbbüsə qoşulması ilə ölkəmizdə ilk dəfə tələbə krediti mexanizminin yaradılmasından bəhs edib. Ötən müddətdə “Maarifçi” Tələbə Kredit Fondunun uğurla fəaliyyət göstərdiyini, tərəfdaş universitetlərin sayının artdığını bildirən nazir yeni təcrübələrdən bəhrələnmək baxımından tədbirin əhəmiyyətini diqqətə çatdırıb.

Dünya Bankının Azərbaycan üzrə meneceri Navid Həsən Naqvi tələbə kreditlərinin ali təhsildə əlyetərlilik imkanları yaratdığını, qurumun hazırladığı müzakirə sənədində Azərbaycanda tətbiq olunan təcrübənin innovativliyini qeyd edib.

“Maarifçi” Tələbə Kredit Fondunun icraçı direktoru Rüfət Mahmud ötən il 103 tələbə ilə təhsil krediti müqaviləsinin imzalandığını və artıq üçüncü elan sessiyasına başlanıldığını deyib.

Dünya Bankının eksperti Brüs Çapman tələbə kreditləri sahəsində çeşidli modellərin mövcudluğunu və gələcəkdə Azərbaycanın bu təcrübədən faydalanması üçün təmsil etdiyi qurumun əməkdaşlığa hazır olduğunu diqqətə çatdırıb.

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin deputatı, akademik İsa Həbibbəyli Prezident İlham Əliyevin təhsil sahəsi ilə bağlı imzaladığı sənədlərin əhəmiyyətindən bəhs edib.

Təhsilin inkişafı ilə bağlı fikirlərini qeyd edən akademik İ.Həbibbəyli “Maarifçi” Tələbə Kredit Fondunun fəaliyyətinin səmərəli olacağına əminliyini bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.