QAN YADDAŞI
Tələbə və kursantlar “Qanlı Yanvara aparan yol” sənədli filmini izləyiblər
Naxçıvan, 16 yanvar, AZƏRTAC
Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində muxtar respublikada fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin tələbələrinə və Heydər Əliyev adına Hərbi Liseyin kursantlarına 20 Yanvar faciəsinə həsr olunan “Qanlı Yanvara aparan yol” adlı sənədli film nümayiş olunub.
AZƏRTAC xəbər verir ki, filmin nümayişi Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkilatçılığı ilə keçirilib.
Film tələbə və kursantlar tərəfindən maraqla qarşılanıb.
“Lider” televiziyasının hazırladığı “Qanlı Yanvara aparan yol” sənədli filmi 1988-1990-cı illərin siyasi mənzərəsindən, ermənilərin Qarabağdakı vəhşiliklərindən və 20 Yanvar gecəsi törədilən qətliamlardan bəhs edir.
Filmin ssenari müəllifi Füzuli Sabiroğlu, rejissoru Mirsadıq Ağazadədir.