CƏMİYYƏT


Tələbə və məzunlar üçün növbəti aktiv məşğulluq tədbirində 200 iş yeri təqdim olunub

Bakı, 30 iyun, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti Bakı Biznes Universitetində tələbə və məzunlar üçün “Karyerada ilk addım” devizi altında növbəti aktiv məşğulluq tədbiri keçirib.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, gənclərin əmək bazarına inteqrasiyasının və məşğulluq imkanlarının artırılması dövlət məşğulluq siyasətinin əsas hədəflərindən biridir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin əsas fəaliyyət istiqaməti həmin sahəyə yönəlib. Bu ilin beş ayı ərzində nazirliyin məşğulluq orqanları 31,3 min nəfəri işlə təmin edib və onlardan 30 faizi gənclərdən ibarətdir.

Qeyd olunub ki, işçi qüvvəsinin keyfiyyətcə yüksəldilməsi və rəqabət qabiliyyətinin artırılması məşğulluğun, ümumən əmək bazarında tələb və təklif arasında uyğunluğun təmin edilməsində mühüm rol oynayır. Bu sahədə aparılan işlərin davamı kimi, bu ilin 5 ayında nazirlik tərəfindən 1887 nəfər, o cümlədən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən 1796, nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun 1 nömrəli Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində 91 nəfər üçün əmək bazarının tələblərinə uyğun olaraq ixtisaslar üzrə peşə hazırlığı və əlavə təhsil kursları təşkil edilib. Həmin dövrdə 56 min 145 nəfər gəncə əmək bazarının tələbləri əsasında düzgün seçim etmələri üçün peşəyönümü məsləhətləri verilib.

Bakı Biznes Universitetindəki aktiv məşğulluq tədbiri də tələbə və məzunların əmək bazarına inteqrasiyasının dəstəklənməsi məqsədi ilə aparılıb. Tədbirdə 3 dövlət, 44 özəl sektora aid 47 müəssisə tərəfindən 200 boş (vakant) iş yeri təqdim olunub. Müəssisə nümayəndələrinin də iştirakı ilə keçirilən tədbirdə tələbə və məzunlara əmək bazarı, peşə və ixtisaslara olan tələblər haqqında məlumatlar verilib. Onlara işəgötürənlərlə ilkin əlaqələr qurmaq, işəgötürənlərə isə gələcəkdə müasir tələblərə cavab verən ixtisaslı kadrların seçimini aparmaq imkanı yaradılıb. Tədbir zamanı vakant iş yerlərinə göndərişlər verilib, həmçinin işəgötürənlər tələbə və məzunların şəxsi məlumatları əks olunan CV-ləri qəbul ediblər.

Onu da qeyd edək ki, arxada qalan yarım il ərzində ölkəmizin 7 ali təhsil müəssisəsində “Karyerada ilk addım” devizi altında aktiv məşğulluq tədbirləri keçirilib və həmin tədbirlərdə 453 müəssisə 2,3 minədək vakant iş yeri təqdim edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.