REGİONLAR


Tələbələr Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkı ilə tanış olublar

A+ A

Naxçıvan, 30 avqust, AZƏRTAC

Naxçıvan Dövlət Universiteti (NDU) və Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə universitetin bir qrup tələbəsinin Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkına gəzintisi təşkil olunub.

NDU-nun mətbuat şöbəsindən AZƏRTAC-a bildirilib ki, tədbirdə universitetin rektoru, professor Saleh Məhərrəmov çıxış edərək, belə tədbirlərin doğma yurdun fauna və florası ilə yaxından tanışlıq, bu sahədəki bilikləri artırmaq baxımından zəruri olduğunu vurğulayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Şövqi Əliyev tələbələrə Zəngəzur Milli Parkı haqqında geniş məlumat verərək bildirib ki, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il iyunun 16-da imzaladığı Sərəncam ilə Ordubad rayonunun inzibati ərazisinin 12 min 131 hektar sahəsində Ordubad Milli Parkı yaradılıb. Azərbaycan Respublikası Prezidentinin 2009-cu il noyabrın 25-də imzaladığı digər Sərəncam ilə Ordubad Milli Parkının ərazisi Şahbuz, Culfa, Ordubad rayonlarının torpaqları hesabına genişləndirilərək sahəsi 42 min 797,4 hektara çatdırılıb. Həmin sərəncamla milli parkın adı dəyişdirilərək Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkı adlandırılıb. Milli parkla yanaşı, xüsusi mühafizə olunan təbiət ərazisinin 27 min 870 hektarında Ordubad Dövlət Təbiət Yasaqlığı yerləşir. Bu parkın ərazisinin çox hissəsi dağlıqdır. Yayı quraq keçən iqlimi var. Ərazinin torpaq örtüyü müxtəlifdir.

1990-cı illərdə quru torpaq sahələri olan ərazilər hazırda yaşıllıqlarla əvəz olunub. Bu da muxtar respublikada bütün sahələrlə yanaşı, ekologiyanın da inkişafının göstəricisidir.

Sonra parkın Culfa rayonunun Boyəhməd kəndi ərazisindəki infrastruktur obyektləri və buradakı muzeylə tanışlıq olub. Tələbələrə buradakı bitki və heyvan növləri, eləcə də bölgənin “Qırmızı kitab”a daxil edilən zəngin flora və fauna nümunələri, dərman bitkilərindən hazırlanan ekstraktlar, faydalı qazıntılar, o cümlədən nəsli kəsilməkdə olan heyvanları haqqında məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.