ELM VƏ TƏHSİL


Tələbələr Azərbaycanın qədim mədəniyyəti və tarixi ilə bağlı biliklərini sınayıblar

Bakı, 19 dekabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun və Bakı Beynəlxalq Multikultralizm Mərkəzinin birgə təşkilatçılığı ilə “Qədim dövlətlərimiz, şəhərlərimiz, abidələrimiz: biz nə bilirik?” mövzusunda bilik müsabiqəsi təşkil edilib.

Fonddan AZƏRTAC-a bildiriblər ki, “Qafqaz Albaniyasını öyrənirik” layihəsi çərçivəsində təşkil edilən müsabiqənin məqsədi Qafqaz Albaniyasının şəhərlərini, abidələrini öyrənmək olub. Müsabiqədə Bakı Dövlət Universitetinin (BDU), Azərbaycan Dövlət Pedaqoji Universitetinin, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri iştirak ediblər.

Bilik Fondunda təşkil olunan müsabiqədə tələbələr Qafqaz Albaniyasının qədim şəhəri, Arran memarlıq məktəbinin mühüm mərkəzlərindən biri kimi tanınan və monqol işğalı nəticəsində dağıdılan Şəmkir şəhəri, Qarabağın Alban dövrü şəhərləri və abidələri, Alban Apostrol kilsəsi ilə bağlı sualları cavablandırıblar.

Bilik müsabiqəsinin nəticələrini münsiflər heyətinin üzvləri - Azərbaycanın tanınmış alimləri, tarix elmləri doktoru Tarix Dostiyev, tarix üzrə fəlsəfə doktoru Təvəkkül Əliyev, sənətşünaslıq üzrə fəlsəfə doktoru İmaş Hacıyev qiymətləndirib və tələbələrə tövsiyələrini veriblər.

Yarışmada qalib gələn BDU tələbələrinə diplomlar təqdim edilib.

Müsabiqənin yekunu olaraq Tarixçi Tələbələr Klubu yaradılıb.

Qeyd edək ki, Azərbaycan multikulturalizminin ilkin qatlarından olan Qafqaz Albaniyasının tarixini - şəhərlərini, abidələrini, mədəniyyətini öyrənmək məqsədilə iki ildir ki, silsilə tədbirlər keçirilir. Bilik Fondu və Bakı Beynəlxalq Multikultralizm Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbirlər isə rəngarəngliyi və mövzularının əhatə dairəsi ilə bir-birindən fərqlənir. Həmçinin Qafqaz Albaniyasının öyrənilməsi istiqamətində coğrafi yerlərlə tanışlıq məqsədilə turlar təşkil edilib, xarici qonaqların iştirakı ilə konfranslar keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.