ELM VƏ TƏHSİL
Tələbələr Azərbaycanın xarici iqtisadi əlaqələrini müzakirə ediblər
Bakı, 19 dekabr, AZƏRTAC
Dekabrın 19-da Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) ilk dəfə digər ali təhsil müəssisələrinin iştirakı ilə iqtisadi elmi konfrans keçirilib.
ADİU-dan AZƏRTAC-a bildirilib ki, “Azərbaycanın xarici iqtisadi əlaqələri: mövcud durum və perspektivlər” mövzusunda keçirilən tədbirin əsas məqsədi universitetlərarası əlaqələri inkişaf etdirmək, tələbələr arasında elmi rəqabəti gücləndirməkdir.
Beynəlxalq iqtisadi münasibətlər fakültəsinin dekanı, dosent Mənsur Bərxudarov tədbirin əhəmiyyətindən danışıb, onun işinə uğurlar arzulayıb. Qeyd edilib ki, aktual və geniş tədqiq olunmuş məruzələr tələbələrin elmi fəaliyyətlərinin məhsuludur.
Konfransda M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı, Azərbaycan Kooperasiya Universiteti, “Odlar Yurdu” Universiteti və digər ali məktəblərin tələbələrinin 80-dən çox məruzəsi dinlənilib.
Məruzələrdə müasir bazar iqtisadiyyatında neft amili, qeyri-neft sektorunun inkişaf mexanizmləri, fond bazarları və kapital axını, ölkəmizin turizm imkanları, iqtisadi-ticarət əməkdaşlığının və beynəlxalq təşkilatlarla əlaqələrin vəziyyətindən söz açılıb. Azərbaycanda xarici iqtisadi sektorda səmərəliliyin artırılması yolları barədə təkliflər irəli sürülüb.
Konfransda müstəqil ekspertlər, dövlət və özəl şirkətlərin nümayəndələri mövzular ətrafında müzakirələrdə iştirak edib, tələbələrə tövsiyələr veriblər.
Sonda ən yaxşı məruzələrin sahiblərinə qiymətli hədiyyə və sertifikatlar təqdim olunub.