ELM VƏ TƏHSİL
Tələbələr BMT modelində müxtəlif ölkələri təmsil ediblər
Bakı, 28 noyabr, AZƏRTAC
Noyabrın 28-də Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) Birləşmiş Millətlər Təşkilatının (BMT) modelinin “ECOSOC” şurasının formatında konfrans keçirilib.
ADİU-dan AZƏRTAC-a bildiriblər ki, konfransın məqsədi Azərbaycanda diplomatiya və beynəlxalq əlaqələr sahəsində təhsil alan tələbələri BMT-nin iş prinsipləri ilə yaxından tanış etmək və gələcəyin diplomatlarının hazırlanmasına töhfə verməkdir. Tələbələr əvvəlcədən verilmiş mövzu üzrə araşdırma aparıb, təyin olunduqları ölkələrin iqtisadiyyatını, tarixini və siyasi münasibətlərini öyrəniblər.
Gənclər və İdman Nazirliyinin, ADİU-nun birgə dəstəyi, “UNEC Model UN” Klubunun təşkilatçılığı ilə reallaşan tədbirdə Azərbaycanın yeddi ali təhsil ocağından 50-dək yerli və əcnəbi tələbə iştirak edib.
BMT-nin “Dayanıqlı inkişaf məqsədləri” proqramının qəbul olunmasına həsr edilən konfransda “Təbii resursların dayanıqlı istifadəsi” mövzusunda müzakirə aparılıb.
Tədbirdə təhsil nazirinin müavini Firuddin Qurbanov, gənclər və idman nazirinin müavini İntiqam Babayev, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin rəisi Anar Bədəlbəyli, BMT-nin İnkişaf Proqramı Strateji Əməkdaşlıq üzrə müşaviri Məzahir Əfəndiyev, ADİU-nun rektoru, professor Ədalət Muradov tədbirin əhəmiyyətindən danışıblar. Bildirilib ki, bu cür konfranslar tələbələrin dünyagörüşünü artırmağa, elmi debatlara olan marağı yüksəltməyə müsbət təsir göstərəcək.
Sonra öz işinə başlayan simulyasiya konfransında ölkələrin “nümayəndələri” çıxış ediblər. Tələbələr ölkələr üzrə təbii resursların səmərəli istifadəsi üzrə təkliflərini səsləndiriblər. Neft ixrac edən ölkələri təmsil edən tələbələr təbii resurslardan istifadənin qlobal proqramının hazırlanmasını təklif ediblər. Qlobal enerji təminatı və təhlükəsizlik siyasətinin formalaşdırılması üçün müəyyən “yol xəritəsi” müəyyənləşdirilib.
Tədbirin formatına uyğun olaraq, iştirakçılar mövzu ətrafında diskussiya xarakterli debatlar aparıblar. “Təbii resursların dayanıqlı istifadəsi” mövzusunun yekunu kimi iştirakçılar tərəfindən qətnamə qəbul edilib.
İki gün davam edəcək konfransın bağlanış mərasimində iştirakçılara sertifikatlar təqdim olunacaq. Konfransda ən yaxşı dörd nümayəndəyə xüsusi “Ən yaxşı təmsilçilik” mükafatı veriləcək.